Bu il Azərbaycan sahibkarlarına 138 mln. manat həcmində güzəştli kreditlər verilib
İqtisadiyyat / (28-12-2011, 16:44)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda 2011-ci ilin son tədbiri Qazax rayonunun I Şıxlı kəndində keçirilib. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Qazax və ətraf rayonlardan olan 100-dək sahibkar iştirak edib. Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Qazax rayonunda həyata keçirilən layihələr, «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində Fond tərəfindən görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, 2011-ci il ərzində Gəncə-Qazax iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 296 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 9 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,8 mln. manat və 287 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 950 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
«Ümumilikdə 2011-ci il ərzində SKMF-in vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 1 643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 6 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub», - deyə Ş.Abdullayev bildirib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyektinə 551 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, 2012-ci ildə SKMF sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 mln. manat güzəştli kreditlər verəcək. Vəsaitin 90 mln. manatı dövlət büdcəsindən, 110 mln. manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olacaq. /APA/


AVCIYA.AZ Yuxarı