Avropa Birliyi (AB) İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə hazırlaşır. “APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, bu açıqlama ilə Fransanın xarici işlər naziri Alen Jüpe çıxış edib. Onun sözlərinə görə, sanksiyaların əsas hədəfi İran nefti olacaq. AB maliyyə nazirlərinin 20 yanvar 2012-ci ildə keçiriləcək iclasında İrandan neft ixracına embarqo tətbiq edilməsi rəsmən elan olunacaq. “Ümid edirəm ki, embarqonun tətbiqi haqqında qərarla bağlı razılıq əldə olunacaq. Tərəfdaşlarımıza alternativ neft mənbələri təqdim etmək üçün əlimizdən gələni edəcəyik” - deyə A.Jüpe qeyd edib.
Qeyd edək ki, ötən ilin son günündə ABŞ prezidenti Barak Obama İran Mərkəzi Bankına sanksiyaların tətbiq edilməsi haqqında qanunu imzalayıb. Qanun 6 aydan sonra qüvvəyə minəcək. Bundan sonra İran rialı dəyərini 12% itirib. /APA/