Daxili tələbatın artması və ixracdan gələn gəlirlər MDB ölkələrinin iqtisadiyyatını dəstəkləyir, amma iqtisadi tənəzzül riskləri qalmaqdadır. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə BMT-nin Cenevrə bölməsində İqtisadi və sosial məsələlər Departamentinin yaydığı “Dünyanın iqtisadi vəziyyəti və 2012-ci il üçün perspektivlər” adlı məruzədə bildirilir. Qeyd olunur ki, 2011-ci ildə MDB ölkələrində iqtisadi fəallığın canlanması müşahidə olunub. Regionun ÜDM-i ötən il 4,3% artıb. Ehtimal olunur ki, bu il regionda iqtisadi artım 4%-ə enə bilər. Məruzə müəlliflərinin fikrincə, iqtisadi artımın zəifləməsi dünya iqtisadiyyatının, xüsusən inkişaf etmiş ölkələrin iqtisadiyyatının vəziyyətinin pisləşməsi ilə bağlıdır ki, bu da yekunda ixracın həcminin azalmasına və xammalın qiymətinin ucuzlaşması ilə nəticələnəcək.
Sənəddə bildirilir ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda ÜDM-in artımı 2011-ci ildə azalıb. Belə ki, 2008-ci ildə bu göstərici 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5%, 2011-ci ildə isə 0,9% təşkil edib. Məruzə müəllifləri bu qədər kəskin azalmanı Azərbaycanın bəzi qazma platformalarında aparılan təmir işləri ilə əlaqələndirirlər - bu işlər neft hasilatında fasilələr yaradıb. Proqnozlara əsasən, 2012-2013-cü illərdə Azərbaycanda ÜDM-in həcmi yenidən artacaq və 3,8-4% təşkil edəcək.
Hesabat dövründə MDB regionunda inflyasiya 9,6% (2010-cu ildə 7,1%) olub. Bu il sözügedən göstəricinin 7,8% təşkil edəcəyi gözlənilir.
BMT ekspertləri qeyd edirlər ki, MDB ölkələrinin iqtisadi böhrandan çıxışı əmək bazarının vəziyyətinin yaxşılaşması və regionun böyük ölkələrində işsizlik səviyyəsinin azalması ilə müşahidə olunur./APA/