Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin soyuması, qar yağması və güclü külək əsməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir neçə aviareys təxirə salınıb. Bu barədə «APA-ECONOMICS»ə hava limanından bildirilib. Aeroportdan verilən məlumata əsasən, hazırda daxili aviareyslərdən Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran və Bakı-Tbilisi marşrutu ilə reyslər təxirə salınıb: «Tehran və Tbilisidən aviareyslər Bakıya yerinə yetirilməyib. Londondan Bakıya gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub. Uçuş-enmə zolağı buzla bağlanmasa da, çovğun uçuşların yerinə yetirilməsinə mane olur – görüntü xeyli pisləşib».
Hava limanından onu da bildiriblər ki, hazırda Bakı-İstanbul və Bakı-Dubay aviareyslərinin yerinə yetirilməsi ilə bağlı iş aparılır.