
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov rəhbərlik etdiyi qurumun 2001-ci ildən indiyədək olan müddətdə gördüyü işlər barədə hesabat verib.
«APA-Economics»in məlumatına görə, H.Bağırov bildirib ki, keçən müddət ərzində ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində intensiv fəaliyyət göstərilib.
Son 5 ildə respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 478 min hektardan 748,4 min hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 8,7%-ni təşkil edir. Hazırda ölkədə 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı var. Nazirin sözlərinə görə, Cənubi Qafqazda ilk dəfə olaraq, Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası və Canlıların Reabilitasiyası Mərkəzi dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib.
H.Bağırov bildirib ki, Azərbaycanda meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram əsasında 2003-2008-ci illərdə 69,7 min ha meşə bərpa tədbirləri nəzərdə tutulub. Bu proqrama uyğun olaraq, artıq 57,3 min ha sahədə işlər tamamlanıb. Nazirin söylədiyinə görə, Xəzərin çirklənmədən qorunması üçün ümumilikdə gün ərzində 4 070 kubmetr çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 modul tipli təmizləyici qurğu, neft tutucu, dezinfektor avadanlıqların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilib və bununla da «Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi» yaradılıb. Hazırda Xəzərin çirklənmədən qorunması prosesi ilə bağlı tədbirlər davam etdirilir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar isə 100 kəndin 50-də müasir standartlara cavab verən modul tipli su təmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilib, digər 50 kənddə də sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır. /APA/