Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “190” nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən 58 818 müraciət ünvanlanıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan "APA-ECONOMICS"ə verilən məlumata görə, sorğuların 60,4%-i canlı rejimdə məsləhətçi operatorlar tərəfindən cavablandırılıb, 39,6%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.
Canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 54%-i bilavasitə pensiya məsələlərinə aid olub, 17,6%-i məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib, 28,4%-i isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
Sorğuların təhlili göstərib ki, ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Belə ki, telefon məlumat xidmətinə daxil olan müraciətlər sırasında bu il iyulun 1-dən Azərbaycanda 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq artırılmasını nəzərdə tutan dəyişikliklərlə bağlı suallar, əmək pensiyası hüququnun neçə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. /APA/