Bu ilin ilk yarısında Azərbaycan sərhədlərindən keçən şəxslərin sayı 2010-cu ilin eyni dövrü ilə müqayisədə 18,6% artaraq 5 319,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, onların 49,9%-ni Azərbaycana gələnlər, 50,1%-ni isə xarici ölkələrə gedənlər təşkil edib: «Ölkə sərhədlərindən keçənlərin 62,5%-i Azərbaycan, 12,4%-i Rusiya, 9,6%-i Gürcüstan, 7,3%-i İran, 4,3%-i Türkiyə, 0,6%-i Ukrayna, 0,6%-i Qazaxıstan, 0,4%-i Böyük Britaniya, 0,2%-i ABŞ, 0,2%-i Almaniya, 0,2%-i Özbəkistan, 1,7%-i isə digər ölkələrin vətəndaşları olub».
Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2010-cu ilin eyni dövrü ilə müqayisədə 131,1 min nəfər və ya 14,8% artaraq 1 016,6 min nəfər olub. Onların 345,1 min nəfəri Rusiya, 253 min nəfəri Gürcüstan, 197,8 min nəfəri İran, 114,4 min nəfəri Türkiyə, 17,2 min nəfəri Ukrayna, 16,5 min nəfəri Qazaxıstan, 11,6 min nəfəri Böyük Britaniya, 6,5 min nəfəri Özbəkistan, 5,4 min nəfəri ABŞ, 5,3 min nəfəri Almaniya və 43,8 min nəfəri digər ölkələrin vətəndaşları olub.
«Ölkəyə gələnlərin ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Belə ki, gələnlərin 33,9%-i Rusiya, 24,9%-i Gürcüstan, 19,5%-i İran, 11,3%-i Türkiyə və 10,4%-i digər xarici ölkələrin vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələn Qazaxıstan vətəndaşlarının sayı 2,3 dəfə, Özbəkistan - 51,4%, Ukrayna - 29,8%, Rusiya - 19,5%, Gürcüstan - 14,1%, İran - 14,4%, Almaniya - 7,2%, Türkiyə - 7,1% artıb, ABŞ vətəndaşlarının sayı 11,2%, Böyük Britaniya vətəndaşlarının sayı isə 8,5% azalıb», - deyə Komitədən bildirilib.
Hesabat dövründə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 392,5 min nəfəri (38,6%) MDB ölkələri, 33,4 min nəfəri (3,3%) Avropa İttifaqı ölkələri və 590,7 min nəfəri (58,1%) digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələrindən gələn vətəndaşların sayı 22,4% artıb, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı isə 4,5% azalıb.
Eyni zamanda, 2011-ci ilin yanvar-iyun ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 293,5 min nəfər və ya 21,1% artaraq 1 685,6 min nəfər olub.
«Bu dövrdə Azərbaycana hər gün orta hesabla 5 647 xarici ölkə vətəndaşı gəlib və 9 364 Azərbaycan vətəndaşı xarici ölkələrə gedib», - deyə Komitədən bildirilib. /APA/