2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikiləcək
İqtisadiyyat / (30-06-2011, 14:06)

Çərşənbə günü Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - "Dərnəgül" stansiyasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb. Paytaxt ictimaiyyətinin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat verdilər ki, "Dərnəgül" stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun "Dərnəgül" də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanıb. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılıb, 2006-cı ilin noyabrında bərpa olunub.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya stansiyada gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüldə quraşdırılmış sensorlu interaktiv sorğu köşkü barədə ətraflı məlumat verildi.

Diqqətə çatdırıldı ki, müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilib.

Dövlətimizin başçısı və xanımı Bakı Metropolitenin inkişafına ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını, əvvəlki illərdə "Nəsimi", "Azadlıq prospekti" stansiyalarının və "28 May" stansiyasının ikinci çıxışının Prezident İlham Əliyev tərəfindən açılışlarını əks etdirən filmə baxdılar. Filmdə, həmçinin yeni tunellərin qazılmasında və inşasında istifadə ediləcək Almaniya istehsalı olan ən müasir texnikalar barədə də ətraflı söhbət açıldı.

Stansiya ilə tanışlıq zamanı bildirildi ki, sütunsuz tağvari sərnişin platforması Almaniyanın "Durlum" şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış var. Stansiyanı elektrik enerjisi ilə 10 kilovatlıq yarımstansiya təchiz edəcək.

"Dərnəgül" stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılıb. Bundan başqa, marşrut istiqamətlərini göstərən rəqəmsal elektron plazma tablolarından istifadə olunub.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ilk dəfə olaraq Bakı metropolitenində "SOS" həyəcan sistemi tətbiq olunub. Bütün stansiyalarda olduğu kimi, "Dərnəgül"də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunub. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.

Bildirildi ki, stansiyanın ətrafındakı 10,2 hektarlıq ərazidə yeni park salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib.

Sonra Prezident İlham Əliyev Binəqədi rayon ictimaiyyətinin nümayəndələri və Bakı Metropoliteninin əməkdaşları ilə görüşərək yeni stansiyanın açılışı münasibətilə onları təbrik etdi. /Trend/


AVCIYA.AZ Yuxarı