
Azərbaycanda mal-qaranın artırılması torpaqların səhralaşmasına gətirib çıxarır. Bu barədə cümə axşamı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Məmmədhüseyn Müslümov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nazirlik heyvandarlığın ekstensiv inkişafına dair təklif hazırlayıb ki, buna əsasən ətlik-südlük heyvandarlıq növlərinin artırılması ilə məşğul olmaq lazımdır. "Ekoloji normalara uyğun olaraq, bir hektar əraziyə iki iribuynuzlu heyvan düşür, Azərbaycanda isə bu norma artırılıb", - Müslümov deyib.
Dünya Bankının ekoloji məsələlər üzrə mütəxəssisi Telman Zeynalov jurnalistlərə bildirib ki, kənd yerlərində heyvandarlığın qalıqlarını emal edib onları enerjiyə çevirmək üçün qurğuların qurulmasına başlamaq vacibdir. "Bənzər qurğular Azərbaycanın iki rayonunda quraşdırılıb ki, əhali də əldə olunan nəticələrdən razıdır", - mütəxəssis deyib./Trend/