Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgisində iştirak edir
İqtisadiyyat / (6-10-2011, 15:11)

Bu gün İstanbul (Türkiyə) şəhərində «CeBİT Bilisim Eurasia 2011» beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı işə başlayıb. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sözügedən sərgi informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı sahəsində dünyanın ən iri sərgilərindən biridir. «CeBIT Bilisim Eurasia» sərgisində ən son texnoloji həllər və informasiya-kommunikasiya texnologiyaları sahəsinin məhsulları nümayiş olunur.
Azərbaycanı sərgidə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə tərkibinə nazirliyin və ölkənin aparıcı İT şirkətlərinin nümayəndələrinin daxil olduğu nümayəndə heyəti təmsil edir.
Bu il Azərbaycan tədbirdə ayrıca milli pavilyonla təmsil olunmaqla ölkənin İKT sahəsində əldə etdiyi ən son nailiyyətləri, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələri nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan həmçinin builki sərgi və konfransın rəsmi tərəfdaş ölkəsi qismində çıxış edir. /APA/


AVCIYA.AZ Yuxarı