Əli Abbasov: Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir
İqtisadiyyat / (11-10-2011, 12:02)

 

Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının beş faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, belə nəticələr Dünya Bankı tərəfindən 2010-cu ilin yekunları üzrə aparılan araşdırmalar zamanı əldə olunub.

"İnkişaf etmiş ölkələrdə bu göstərici orta aylıq əməkhaqqının 2-3 faizini təşkil edir", - o deyib.

Abbasovun sözlərinə görə, son illər ərzində internet bazarında tariflər dəfələrlə azaldılıb və bu gün 1 Mbit/saniyə sürətlə genişzolaqlı internetə çıxışın minimum dəyəri 15 manat təşkil edir.

Nazir bildirib ki, Azərbaycanda İKT sektorunun orta illik inkişaf sürəti 25-32 fazi təşkil edir ki, bu da dünya üzrə orta göstəriciləri 2-2,5 dəfə üstələyir.

Abbasov deyib ki, Azərbaycanda İKT sektorunun inkişafına, regionlarda bu sahədə xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrılır. Bununla əlaqədar bu sahə respublika iqtisadiyyatının yeni mühüm sahələrindən birinə çevrilib. /Trend/


AVCIYA.AZ Yuxarı