Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, müayinənin nəticələrinə əsasən, 4 487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3 888-i və ya 87%-i, o cümlədən şəhər yerlərində 1 097-si (94%-i), kənd yerlərində isə 2 791-i (84%-i) kompüterlə təmin olunub. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11%, orta məktəblərin – 82%, tam orta məktəblərin isə – 96% təşkil edib. «Ötən tədris ilinin əvvəlinə keçirilmiş müvafiq müayinənin nəticələri ilə müqayisədə məktəblərdə kompüterlərin sayı 2,4 min ədəd və ya 6% artaraq 42,5 minə çatıb. Hazırda hər 30 şagirdə orta hesabla bir kompüter düşür. Ötən il bu göstərici 33, 2009-cu ildə 35, 2008-ci ildə 39, 2007-ci ildə 47, 2006-cı ildə isə 101 olub».
Şəhər yerlərində orta hesabla 29 (müvafiq olaraq - 31, 33, 36, 40, 70), kənd yerlərində isə 32 (müvafiq olaraq – 35, 38, 42, 57, 208) şagirdə bir kompüter düşür.
Ümumi təhsil müəssisələrinin 1 841-nin və ya 47%-nin, o cümlədən şəhər yerlərində 79%-nin, kənd yerlərində isə 35%-nin internetə çıxışı var.
Məktəblərin telekommunikasiya vasitələri və telefonla təchiz olunması, eləcə də şagirdlərin onlardan səmərəli istifadə etməsi məsələləri Naxçıvan MR-da, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron və Samux rayonlarında daha yaxşı təşkil edilib.
Eyni zamanda, 2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin əyani ümumi təhsil müəssisələrində 2 903 nəfər, o cümlədən kənd yerlərində 2 389 nəfər, şəhər yerlərində isə 514 nəfər əlavə pedaqoji kadra ehtiyac olub və ötən tədris ili ilə müqayisədə bu ehtiyac müvafiq olaraq 1 043, 827 və 216 nəfər artıb. Kənd yerlərində müəllimlərə tələbat əsasən kimya (331 müəllim), coğrafiya (292), Azərbaycan dili və ədəbiyyat (247), biologiya (229), fizika (205), informatika (183), tarix (182) və riyaziyyat fənləri üzrə (148) olub.
Kənd yerləri üzrə müəllimlərə daha çox ehtiyac Quba (223), Laçın (125), Yardımlı (116), Gədəbəy (112), Xaçmaz (93) və Şabran (92) rayonlarında olub: «Şəhər yerləri üzrə müəllimlərə əlavə tələb ilk növbədə fiziki tərbiyə (68), Azərbaycan dili və ədəbiyyat (50), ingilis dili (50), tarix (44), riyaziyyat (43) və fizika (39) fənləri üzrə və Bakı şəhərinin Sabunçu (96), Xəzər (44), Səbail (35), Qaradağ (31) rayonlarında, Şirvan (10) və Naxçıvan (69) şəhərində olub».
Müayinə ilə əhatə olunmuş məktəb rəhbərlərinin məlumatlarına görə, cari tədris ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi mövcuddur və onların 9%-i mərkəzləşdirilmiş istilik sistemindən, qalanları isə fərdi istilik sistemindən qidalanır. Fərdi istilik sisteminə malik olan təhsil müəssisələri şəhər yerləri üzrə 77%, kənd yerlərində isə 96% təşkil edib. Şəhər təhsil müəssisələrinin 53%-i qazdan, 18%-i bərk yanacaqdan, kənd müəssisələrinin isə 66%-i bərk yanacaqdan və 28%-i maye yanacaqdan istifadə edir.
Eyni zamanda, şəhər müəssisələrinin 21%-i, kənd müəssisələrinin isə 3%-i siniflərin qızdırılması üçün elektrik qızdırıcılarından istifadə edir. /APA/