Elxan Süleymanov: “Azərbaycanın problemlərini dünya ictimaiyyəti qarşısında inadkarlıqla qaldırmalıyıq”

BMT yanında daimi nümayəndəliyimiz təşkilatın baş katibinə Ermənistan-Azərbaycan münaqişəsinə dair məktub ünvanlayıb
“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Aleksandr Lukaşenko: “ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır”

İyunun 10-da Vyanada “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Avstriyanın keçmiş kansleri Alfred Qusenbauerun və Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov moderatorluq edib. Elxan Süleymanov APA-ya müsahibəsində konfransın əhəmiyyəti və nəticələri barədə danışıb.

– Konfrans barədə təəssüratlarınızı bilmək istərdik…

– Konfransla bağlı təəssüratlarım çox yüksəkdir. Bu tədbir beynəlxalq konfrans idi və Avropanın mərkəzində Vyana şəhərində keçirilirdi. Bununla bərabər konfransda bir çox ölkənin tanınmış siyasətçiləri, diplomatlar və dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Digər tərəfdən, konfransda müzakirə edilən məsələlər ölkəmizlə birbaşa bağlı idi və müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və oynadığı rolu özündə əks etdirirdi. Belə ki, konfrans sizin yuxarıda qeyd etdiyiniz kimi, “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlanırdı. Adından göründüyü kimi, konfransda Avropanın enerji təhlükəsizliyi məsələsi Azərbaycanın geniş arealı əhatə edən regionda apardığı siyasətlə birbaşa əlaqəli şəkildə müzakirəyə çıxarılmışdı. Bundan əlavə, bizim üçün önəm kəsb edən məqam ondan ibarət idi ki, konfransda Azərbaycan geosiyasətin obyekti deyil, subyekti kimi nəzərdən keçirilirdi. Bu, artıq dövlətin dünya siyasətində özünəməxsus rol oynamasından, ən azı regional səviyyədə aparıcı dövlət rolunda çıxış etməsinin etiraf olunması demək idi.

Onu da qeyd etməliyəm ki, konfrans çox maraqlı məruzələr və çıxışlarla yadda qaldı. Onların məzmunu barədə KİV-də ətraflı məlumat verilmişdi və bu səbəbdən bu barədə yenidən danışmaq istəmirəm. Yalnız məruzəçilər və çıxışçıları bir daha diqqətə çatdırmağı vacib hesab edirəm. Tədbirdə Avstriyanın keçmiş  kansleri Alfred Quzenbauer, “İndustrie Magazin Verlag” jurnalının redaktoru Florian Zangerl, Innsbruk Universitetinin professoru Gerhard Manqot, Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun nümayəndəsi Vasili Astrov, İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş ticarət və sənaye naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso çıxış etdilər.

Vurğulamaq istərdim ki, Azərbaycanı konfransda mənimlə birlikdə sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev təmsil edirdi. Konfransda dördümüz də çıxış etdik. Konfrans yüksək səviyyədə təşkil edilmişdi və çox önəmli müzakirələr aparıldı.

– Qeyd etdiniz ki, konfransda dünyanın bir sıra nüfuzlu KİV-in nümayəndələri iştirak edirdi. Sizin dediklərinizdən belə nəticə çıxarmaq olar ki, dünya KİV-ində konfrans geniş işıqlandırılıb. Bu doğrudanmı belədir?

– Konfransda müzakirə edilən məsələlər tək Azərbaycan üçün əhəmiyyət kəsb etmirdi, bu məsələlər bütövlükdə Avropa üçün aktual idi. Belə ki, konfransda qeyri-sabit region olan Cənubi Qafqazda yerləşən Azərbaycanın Qərbin etibarlı tərəfdaşı kimi neft-qaz təchizatında rolu kimi mövzular müzakirə edilirdi. Əlbəttə, Avropa ilə əlaqələrin əhəmiyyətinin artdığı bir vaxtda və Azərbaycan qazının Avropaya nəql edəcək boru-kəmərinə dair bu ayın sonu “Şahdəniz II” konsorsiumunun verəcəyi qərar fonunda Vyanada keçirilən konfransa maraq daha da artmışdı. Odur ki, KİV nümayəndələrinin konfransda müzakirəyə çıxarılan məsələlərə maraqları başa düşülən olmalıdır. Digər tərəfdən, konfransda dünyanın bir sıra nüfuzlu KİV nümayəndələrinin iştirakı bizim üçün də Ermənistanın ölkəmizin Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla 20% ərazisinin 22 ildən artıq müddət ərzində işğal altında saxlaması, işğal edilmiş Azərbaycan ərazisində qalmış və indiyədək Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarının 400 min azərbaycanlının həyatına yaratdığı təhlükə və təcili tədbirlər görülməyəcəyi təqdirdə, qeyd edilən su anbarında baş verəcək qəza nəticəsində bölgədə humanitar böhran vəziyyətinin qaçılmaz olacağını qaldırmaq üçün nadir imkan yaratmışdı.

Qeyd etməliyəm ki, konfrans zamanı APA, DPA, “Reuters”, “Bloomberg”, “Sole 24 Ore”, “Radio France İnternationale”, “New Europe” və digər beynəlxalq mətbuat qurumları mənimlə və Natiq Əliyevlə eksklüziv müsahibələr təşkil etdilər. Eyni zamanda KİV nümayəndələri konfransdan əvvəl və sonra dörd xəbər materialı yayımladılar və bu materiallar ingilis, alman və fransız dillərində mindən artıq xəbər saytında yerləşdirildi. Qeyd etməliyəm ki, “Wall Street Journal”, “Boston Globe”, “Business Journal”, “Yahoo!”, “Deutsche Presse Agentur”, “Austria Presse Agentur”, “Finanz Nachrichten” və “Yahoo Germany” ABŞ və Avropanın materialı 3 dildə yayımlayan ən mühüm xəbər və televiziya saytları arasında idilər.

Həmçinin qeyd etməliyəm ki, təşkilatçılar konfransa hazırlıq zamanı və konfransdan sonra “Su anbarının dağılması təhlükəsi Dağlıq Qarabağda yeni qaranlıq fəsil proqnozlaşdırır” və “Azərbaycanda təbii qaz hasilatının genişlənməsi Avropanın enerji təhlükəsizliyini artırır” başlıqlı iki məqaləni ABŞ-ın nüfuzlu Keçmiş Sovet Sosialist Respublikalarını Araşdırma Mərkəzinin veb-portalında yerləşdirdilər.

Göründüyü kimi, Vyana konfransı dünya mətbuatında geniş işıqlandırılıb. Bu isə konfransda müzakirə edilmiş məsələlərin dünya ictimaiyyəti üçün əhəmiyyətində xəbər verir.

– Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib, lakin bu qətnamələrin heç biri yerinə yetirilməyib. Bununla bağlı nə demək istərdiniz?

– Bu çox ağır və ağrılı sualdır. Birincisi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini mən qəbul etmirəm. Bu ifadə sizin dediyiniz beynəlxalq təşkilatların mövqeyini ifadə edir. Belə ki, onlar ardıcıl olaraq Dağlıq Qarabağ ərazisini Ermənistanla Azərbaycan arasına mübahisəli ərazi kimi təqdim etməyə çalışırlar. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu tarixən belə olub, indi də belədir və inanıram ki, gələcəkdə də belə olacaq. Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması dünya ictimaiyyəti tərəfindən tanınıb. Üçüncüsü, Ermənistan Azərbaycana qarşı silahlı təcavüz edib, ölkəmizə və xalqımıza qarşı müharibə aparıb, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla torpaqlarımızın 20%-ni işğal edib. Göründüyü kimi, Ermənistan işğalçı dövlətdir, Azərbaycan isə işğala məruz qalan dövlətdir. Odur ki, söhbət Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsindən gedir, bunun başqa adı yoxdur.

Siz doğru qeyd etdiniz, beynəlxalq təşkilatlar qətnamələr qəbul ediblər, lakin onların heç biri yerinə yetirilməyib. Qeyd edilməlidir ki, bu qətnamələrdə işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoyulmayıb, işğalçı dövlətə qarşı hər hansı bir sanksiyalar tətbiq edilməyib. Digər tərəfdən, beynəlxalq təşkilatlar, ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı əksər hallarda biganəlik nümayiş etdirirlər, bir çox hallarda isə açıq-aşkar Ermənistanın müdafiəçisi kimi çıxış edirlər, müxtəlif bəhanələrlə problemlə bağlı müzakirələr belə aparmaq istəmirlər. Odur ki, beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe gözləmək sadəlövhlükdür. Problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli bu təşkilatların imkan və iradələri daxilində olsa da, onlar bu istiqamətdə heç nə etməyəcəklər və etmək belə istəmirlər. Biz buna özümüz nail olmalıyıq.

– Tez-tez beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Deyə bilərsinizmi, regionda baş verən hadisələri, mövcud reallıqları dünya ictimaiyyətinə çatdırmaq, bu hadisələrlə bağlı adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündürmü? Bunun üçün nə etmək lazımdır?

– Biz onu başa düşməliyik ki, dünya ictimaiyyəti qarşısında öz problemlərimizi özümüz qaldırmalıyıq, bu məsələdə inadkarlıq nümayiş etdirməliyik, ardıcıl olmalıyıq, öz məqsədimizə nail olanadək problemlərimizi müxtəlif legitim vasitələrlə dəfələrlə dünya ictimaiyyətinə çatdırmaqda davam etməliyik. Bunun üçün vətənpərvər olmaq, işğal altında olan torpaqlarımızın iniltisini duymaq, usanmadan işləmək, hər bir məsələyə kompleks yanaşma nümayiş etdirmək lazımdır. Ən vacibi isə Azərbaycanı sevmək lazımdır. Problemlə bağlı hər bir Azərbaycan vətəndaşı ardıcıl şəkildə mübariz olmalıdır. Belə olan halda dünya ictimaiyyətindən problemlərin həlli istiqamətində adekvat və obyektiv reaksiyaya nail olmaq mümkündür.