Elxan Süleymanov: “Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqqında eşitmək belə istəmirlər”

Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib
İslam Konfransı Təşkilatı – # 10/30-C
Şuşasız 26 il…
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərar və qətnamələr qəbul edilib. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı tanınıb, işğal altında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb edilib. Buna baxmayaraq, indiyədək münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmayıb və beynəlxalq təşkilatlarda bu məsələyə açıq-aşkar biganəlik müşahidə edilir. Bu və digər məsələlərlə bağlı suallarımızı AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət vəkili Elxan Süleymanov cavablandırır:
– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-dakı digər ölkə deputatlarının mövqelərini necə dəyərləndirirsiniz?
– AŞ PA özündə 47 ölkəni təmsil edən beynəlxalq təşkilatdır. Sözsüz ki, bu qurumda təmsil olunan deputatlar içərisində Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv bilgilərə malik olanlar da, ermənipərəst deputatlar da vardır. Digər bir qrup deputat isə münaqişəyə tam laqeyd münasibət nümayiş etdirir. Problemə ümumilikdə  AŞPA çərçivəsində nəzər saldıqda isə çox acınacaqlı mənzərənin şahidi oluruq. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurum 2005-ci ildə Qətnamə qəbul edib. Həmin Qətnamədə bir üzv dövlət tərəfindən digər üzv dövlətin ərazisinin işğal edilməsi və işğal altında saxlamasının yolverilməz olduğu, işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı etnik təmizləmə aparılmasının utancverici hal olduğu bildirilib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərdən çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsi tələb edilib. Həmin Qətnamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair Alt Komitənin yaradılması haqqında müddəa da öz əksini tapıb.
Yeri gəlmişkən, bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. AŞ PA-nın 2013-cü ildə keçirilən qış sessiyasında mənim təklifimlə monitorinq Komitəsinin hesabatında ilk dəfə olaraq Azərbaycan ərazilərinin hərbi işğalını pisləyən müddəa öz əksini tapdı. Amma təəssüf ki, bundan bir qədər sonra Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyaları həmin təklifin hesabata salınmasına dəstək verən həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun istefaya göndərilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət imzaladılar. Bax bu məsələdə hər kəsi bir sual ətrafında düşünməyə çağırıram: görəsən ermənilər onların haqsız mövqeyini müdafiə edən, təcavüzlərinə haqq qazandıraraq dəstəkləyənləri istefaya göndərməklə bağlı müraciət imzalayardılarmı?
Təcrübədən görürük ki, AŞ PA, bir qayda olaraq, qəbul etdiyi qərarların üzv dövlətlər tərəfindən yerinə yetirilməsini tələb edir və buna nail olur. Lakin nədənsə AŞ PA-nın Dağlıq Qarabağla bağlı Qətnamələrinin müddəaları, digər qətnamələrdən fərqli olaraq, bu günədək yalnız kağız üzərində qalıb və heç nə dəyişməyib. Bu azmış kimi, AŞ PA rəhbərliyi və əksər deputatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumda müzakirələrin aparılmasını açıq-aşkar dəstəkləmir, hətta bu məsələni Azərbaycan və Ermənistanın öz aralarında həll etməli olduğunu bildirirlər. Onlar münaqişə ilə bağlı bütün məsələlərdən yan keçməyə çalışırlar. Bunun üçün müxtəlif bəhanələr gətirir və bir çox hallarda diqqəti münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğuna yönəldirlər.
Təəssüflə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamentində də analoji münasibət hökm sürür. Eyni zamanda, Avronest PA-da da bir qrup deputat hesab edir ki, bu qurum münaqişələrin həll edilməsi üçün platforma deyil və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə dəyməz. Nəhayət, bütün bu deyilənlər onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqqında eşitmək belə istəmirlər, hətta Azərbaycanın təkidlərindən sonra nəsə etmək istəsələr belə atılan addımlar formal xarakter daşıyır.
– AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpa edilməsi ehtimalını nücə qiymətləndirirsiniz?
– Yuxarıda qeyd etdiyim kimi, AŞPA-nın münaqişə ilə bağlı 2005-ci ildə qəbul etdiyi Qətnamədə Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin  təsis edilməsi qərara alınmışdı. Lakin Alt komitənin ilk sədri Lord Rassel Conston dünyasını dəyişəndən sonra faktiki olaraq bu Komitə öz fəaliyyətini dayandırdı. 2010-cu ildə AŞ PA Alt Komitəsinin bərpa edilməsi haqında qərar qəbul edildi, lakin Ermənistan nümayəndə heyətinin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək bu qərar da həyata keçirilməmiş qalıb. Burada AŞ PA rəhbərliyinin məsələ ilə bağlı mövqeyi də az rol oynamayıb. Belə ki, AŞPA rəhbərliyi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin davam etdirilməsi əvəzinə Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin qeyri-rəsmi ikitərəfli görüşlərinin keçirilməsini dəstəklədiyini bildirib. Belə qeyri-formal görüşlərdə isə müsbət nəticəyə nail olunacağını düşünmək sadəcə sadəlövlükdür. Belə məsuliyyətsiz yanaşmanın nəticəsi olaraq hazırda danışıqlar Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin qeyri-rəsmi görüşləri ilə məhdudlaşdırılıb. Onu da deyim ki, sonuncu belə görüş AŞ PA-nın aprel ayında keçirilmiş yaz sessiyası çərçivəsində olmuşdur.
– Alt Komitənin bərpa edilməsinə qarşı çıxan ermənilərin bunun üçün irəli sürdüyü iddialar nədən ibarətdir?
–  Məlumdur ki, ermənilər daim münaqişə ilə bağlı beynəlxalq ictimaiyyəti aldatmaqla, qeyri-obyektiv məlumatlar verməklə, tarixi fakları saxtalaşdırmaqla məşğuldurlar. Əslində ermənilər elə əvvəldən də heç bir iddia irəli sürmədən Alt Komitənin fəaliyətini boykot edərək Beynəlxalq təşkilatların və AŞ PA-nın qərarlarına məhəl qoymurdular. Məsələ burasındadır ki, onlar problemlə bağlı AŞ PA-da mövcud durumu bilirlər və anlayırlar ki, bu sadəcə olaraq laqeydlik deyil, əksinə, faktiki olaraq, AŞ PA tərəfindən Ermənistanın dəstəklənməsi deməkdir.
– AvroNest PA-nın Siyasi və sosial komitələri tərəfindən hazırlanmış hesabatların mahiyyəti və hesabatla bağlı Azərbaycan tərəfinin təklifləri barədə fikirlərinizi bilmək istəyərdik. 
 – Cari ilin 27-28 may tarixlərində Brüsseldə AvroNest PA-nın növbəti 3-cü sessiyası keçiriləcək. Sessiyada AvroNest PA-nın 4 komitəsi üzrə – Siyasi məsələlər, İnsan hüquqları və Demokratiya üzrə Komitə; Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitəsi; İqtisadi inteqrasiya və Avropa İttifaqı Siyasətləri ilə Uyğunluq Komitəsi, eləcə də Enerji Təhlükəsizliyi Komitəsinin hesabat məruzələri qəbul ediləcək. Bu hesabatlara Avropa Parlamentinin üzvləri, Şərq Tərəfdaşı ölkələrinin nümayəndə heyətləri və ayrı-ayrı deputatlar tərəfindən çoxlu sayda düzəliş təklifləri verilib. Məsələn, təkcə Siyasi Komitənin hesabatına 125 təklif irəli sürülüb. Onu da deməliyəm ki, hesabatlarla bağlı Azərbaycan nümayəndə heyətinin də bir sıra təklifləri vardır. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti olaraq biz digər təklifləri də diqqətlə araşdırmışıq. Bunların içərisində Azərbaycanın maraqlarına uyğun olan təkliflərlə yanaşı maraqlarımıza zidd olan bir sıra təkliflər də vardır. Həmin təkliflər əsasən Ermənistan nümayəndə heyəti və bəzi avropalı deputatlar tərəfindən irəli sürülüb. Xüsusi əhəmiyyət kəsb etdiyi üçün mən həmin təkliflərin bəziləri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmağı vacib hesab edirəm. Məsələn, ermənilər sərhədlərin açılması və ticarət əlaqələrinin qurulmasını özündə ehtiva edən bir sıra düzəliş təklifləri irəli sürüblər. Heç şübhəsiz ki, iqtisadi böhran keçirən Ermənistan sərhədlərin açılmasında maraqlıdır. Lakin bu məsələdə Azərbaycan dövlətinin prinsipial mövqeyi vardır: işğal altında olan Azərbaycan əraziləri azad olunmayana qədər sərhədlərin açılması və ticarət əlaqələrinin qurulmasından söhbət belə gedə bilməz. Biz bu mövqeyi sonadək müdafiə edəcəyik. Ermənilərin başqa bir təklifi Beynəlxalq təşkilatları, NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurasını, ATƏT-i, Avropa Şurasını və eləcə də Şərqi Avropa Tərəfdaşlarımızı regionda təhlükəsizlik məsələlərinin müzakirəsindən uzaqlaşdırmağı nəzərdə tutur. Əlbəttə ki, bu təklif də qəbul oluna bilməz. Başqa bir təklif polşalı deputat Kristof Lizek tərəfindən verilib. O, Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara Avropa İttifaqı nümayəndələrinin maneəsiz daxil ola bilməsini mümkün edən təkliflə çıxış edib. Əlbəttə ki, bu olduqca absurd yanaşmadır. Bizim mövqeyimiz belədir ki, Azərbaycan hökumətinin razılığı olmadan heç bir qurum və şəxs həmin ərazilərə daxil ola bilməz və Azərbaycan nümayəndə heyəti bu tip düzəlişlərin qəbul olunmaması üçün bütün səylərini edəcəkdir.
Deyilənlərlə yanaşı, əvvəl də qeyd etdiyim kimi Azərbaycan nümayəndə heyəti olaraq bizim də Qətnaməyə bir sıra təkliflərimiz vardır. Məsələn, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, AŞ PA və Avropa Parlamentinin Qətnamələrinin yerinə yetirilməsinin vacibliyi, eləcə də işğal olunmuş dağlıq Qarabağ və digər ərazilərdən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılaraq bütün insan hüquqları pozulan bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvasına qayıtmasının təmin olunması barədə təklif vermişik. Başqa bir təkliflə Azərbaycanın əraziləri işğaldan azad olunmayana qədər Ermənistanla Avropa Birliyi arasında Assosiasiya sazişi bağlanması prosedurunu dayandırmağa çağırmışıq. Bizim yanaşmamız budur ki, digər Şərq Tərəfdaşı ölkəsinin ərazilərini işğal etmiş ölkə ilə Avropa ittifaqı arasında hansı məntiqlə Assosiasiya sazişi bağlana bilər?
Yeri gəlmişkən bir məsələni də qeyd edim. Bu ilin iyin ayından etibarən Ermənistan Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edəcək. Mən bununla əlaqədar olaraq etiraz Bəyanatı vermişəm və Avropa Şurasının, Avropa Parlamentinin bütün üzvlərinə müraciət göndərmişəm. Onu da deyim ki, bu istiqamətdə Azərbaycan nümayəndə heyəti bundan sonra da fəaliyyətini davam etdirirəcəkdir. Biz avropalı həmkarlarımıza bir məlum həqiqəti dəfələrlə təkrar edirik. Özünü demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi hesab edən Avropa Şurası necə olur ki, digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bir milyona yaxın insanın bütün hüquqlarını kobud şəkildə pozan dövlətin bütövlükdə Avropada demokratiyanın bərqərar olmasına çalışan, qanunun aliliyini müəyyənləşdirən və ona nəzarət edən belə mötəbər qurumda sədrliyinə razılıq verir?
– Elxan müəllim, münaqişə zonalarından olan QHT-lərin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda müstəqil təmsilçiliyini nəzərdə tutan təkliflə əlaqədar Sizin Bəyanatınız olmuşdur. Bu məsələ ilə əlaqədar ətraflı məlumat verə bilərsinizmi?  
– Bəli, bu məsələ ilə bağlı mən Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq ciddi narahatlığımı ifadə edərək Bəyanatla çıxış etmişəm və hesab edirəm ki, Azərbaycan hökuməti, ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, siyasi partiyalar bu barədə öz kəskin sözünü deməlidir. Bunun üçün isə ilk növbədə bütün ictimaiyyət narahatlığa əsas verən həmin təkliflə əlaqədar düzgün məlumatlandırılmalıdır. Məsələ burasındadır ki, iş təkcə almaniyalı deputat Verner Şultsun münaqişə zonalarından olan vətəndaş cəmiyyətləri təmsilçilərinin ikitərəfli və çoxtərəfli tədbirlərin həyata keçirilməsində həmin ərazilərin təmsilçisi olaraq müstəqil iştirakını nəzərdə tutan düzəliş təklifi ilə bitmir. Bu məsələ ilə əlaqədar mən dərhal Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Kristof Babinskiyə və Avropa Parlamentinin bütün deputatlarına etiraz məktubu ilə müraciət etdim. Cənab Babinskinin mənə göndərdiyi cavab məktubu isə açığını deyim ki, mənim üçün çox gözlənilməz oldu. Məlum oldu ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan milli platformasının rəhbərliyi hansı səbəbdənsə alternativ variant kimi Dağlıq Qarabağdan olan QHT nümayəndələrinin Vətəndaş Cəmiyyəti Forumunun illik iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsilçiliyinə razılıq veriblər və bu məsələ ilə bağlı danışıqlar gedir. Bu isə qətiyyən yolverilməzdir. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bu gün Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda bir nəfər də olsun, azərbaycanlı yaşamır, heç şübhəsiz ki, həmin regionda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərində də azərbaycanlılar yoxdur və bu təşkilatlar ermənilərdən təşkil edilməklə yalnız erməni icmasının mənafelərini müdafiə edir. Belə olan halda, bir anlıq təsəvvür edin, həmin ərazilərdən olan erməni QHT-ləri Azərbaycan nümayəndə heyətinin üzvü olaraq hansı mövqedən çıxış edəcəklər? Heç bir şübhə yoxdur ki, ermənilər bu dəfə artıq Azərbaycanın nümayəndəsi olaraq ünvanımıza böhtanlar səsləndirəcək, bəyanatlar yayacaqlar və bu da dünya ictimaiyyətinə Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi kimi catacaq. Ermənilər Azərbaycanda milli azlıqların sistemli şəkildə diskriminasiyaya məruz qaldıqlarını iddia edəcək və beynəlxalq aləmdə belə bir fikir formalaşdırmağa çalışacaqlar ki, azərbaycanlıların ölkədə yaşayan digər etnik qruplara qarşı olan nifrəti Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını qeyri-mümkün edir və bu da Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını zəruri edir. Belə olan halda biz hansı məntiqlə özümüz bilə-bilə, şüurlu şəkildə ermənilərə Azərbaycanı vurmaq üçün növbəti poliqon veririk?!
Çox təəssüf ki, belə mühüm məsələdə biz bəzən müxtəlif mövqelərdən çıxış edirik. Ermənilər isə Dağlıq Qarabağla bağlı vahid mövqe nümayiş etdirirlər. Bir detalı diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi bu ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirildi. Həmin seşkiləri müşahidə edən monitorinq missiyasının üzvü olan avropalı həmkarlarımızdan biri söyləyir ki, Ermənistanda prezidentliyə namizəd olan 5 nəfərdən heç birinin seçki platformasında Dağlıq Qarabağla bağlı bənd olmayıb. Həmkarım bu məsələ ilə bağlı həmin namizədlərə sual ünvanlayanda onlar yekdil olaraq belə cavab veriblər ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Ermənistanın vahid mövqeyi var və bu mövqe hamı tərəfindən qəbul olunub. Bu səbəbdən də həmin məsələnin seçki platformasına salınmasına ehtiyac yoxdur. İndi müqayisə aparın, bəs bizdə bu məsələyə münasibət necədir? Elə yuxarıda dediyim fakt özü-özlüyündə bu suala cavab verir. Ona görə də mən bir daha qətiyyətlə bildirirəm ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan milli platformasının rəhbərliyi tərəfindən alternativ variant kimi verilən təklif bilavasitə ermənilərin mənafeyinə xidmət edir və bu təklif dərhal geri götürülməlidir. Düşünürəm ki, biz hamımız ən azından Dağlıq Qarabağ məsələsində ermənilər kimi vahid mövqedə olmalıyıq. Bu sadəcə olaraq bizim vətəndaşlıq və torpaq borcumuzdur.
Publika.Az