Elxan Süleymanov: “Ştrasserin məruzəsinə səs verməyənlər Avropa dəyərlərinə hörmət nümayiş etdirdilər”

AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq
AVCİYA prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb
Şamaxıda aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
“Bu gün AŞPA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edildi. Bu məruzə 12 dekabrda Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi”. Bunu APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Onun sözlərinə görə, Monitorinq Komitəsinin sessiyaya tövsiyə etdiyi məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan bütövlüklə qəbul edilib: “Monitorinq Komitəsinin iclasında mənim verdiyim hər iki təklif: Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromis tapılması ilə bağlı təkliflər Assambleya tərəfindən də qəbul edildi. Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin də dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir”.
E. Süleymanov Assambleya iştirakçılarının bu gün təsdiq etmədikləri “Azərbaycanda siyasi məhbuslara dair” hesabata da toxunub: ”Kristofer Ştrasserin məruzəsi qəbul edilmədi. O məruzə qəbul edilə də bilməzdi. Çünki Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi”.
Deputat Ştrasseri məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməməkdə və obyektiv araşdırma aparmamaqda ittiham edib: “Ştrasserin təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrı-seçkiliyə, ikili standartlara son qoymağa çağırış edib və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının bugünkü plenar iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib.
AŞ PA Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladıqları Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin, eyni zamanda İnsan hüquqları və hüquq məsələlər üzrə Komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasında dinlənilib. Hər iki sənəd bir yerdə müzakirəyə çıxarılıb.
Hər iki hesabat üzrə 60-ə yaxın parlamentarın çıxışı dinlənilib. Əsas müzakirələr ikinci hesabat üzrə aparılıb. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat səsə qoyulduqdan sonra qəbul edilsə də, Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci hesabat Assambleyanın plenar iclasında qəbul edilməyib. /Trend/