Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun qəbul olunmalıdırmı?

Azərbaycanın hakim partiyası müxalifətdən dialoq təşəbbüsü gözləyir
Azərbaycan siyasətçilərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı ilə bağlı rəyləri
Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərin axtarışı Qazaxıstanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq

Milli Məclisin geri qaytardığı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.Layihənin parlamentdə müzakirəsi zamanı da deputatlar iki cəbhəyə ayrılıb. Belə bir qanunun qəbulunun əleyhinə çıxanlar əsas arqument kimi layihədə əksini tapan süni mayalanma, “surroqat ana” (öz uşaqlığında donor embrionu daşıyan, yaşı 18-dən 35-dək olan qadın) və cinsi toxumalar üzrə donorluq məsələlərinin milli mentalitetimizə zidd olduğunu göstərirlər. Qanunun qəbulunun tərəfdarları isə hesab edirlər ki, bu, boşanmaların, sonsuzluğun qarşısını alacaq.

“Analığın qorunmasına xidmət edən bu qanunun qəbuluna ehtiyac var”

Qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri, millət vəkili Məlahət Həsənova APA-ya bildirib ki, son illər ölkədə qadın sağlamlığı, ana və uşaq ölümünün qarşısının alınması üçün böyük işlər görülüb. “Hazırda Azərbaycanda demoqrafik təhlükə yoxdur” deyən M. Həsənovanın sözlərinə görə, reproduktiv sağlamlıq məsələsi ona görə gündəmdədir ki, QİÇS (AİDS) xəstəliyi bütün dünyada pandemiya elan olunub: “HİV, AİDS xəstəliyi bütün dünya ölkələrində artıq qlobal təhlükə kimi başa düşülür. Bilirsiniz ki, bu xəstəlik daha çox cinsi yolla yayılır. Azərbaycanda da bu xəstəlik son 2 ildə əvvəlki illərə nisbətən artıb. Bu il dekabrın 1-nə olan məlumata görə, ölkədə QİÇS-lə yaşayan 1771 xəstə var. Özü də əvvəllər bu xəstəliyə yoluxanların böyük əksəriyyətini xaricilər təşkil edirdisə, indi bu tərkib milliləşməyə doğru gedir. Yoluxanların 70 faizi isə gənclərdir. Bütün dünyada qadınların cinsi orqanlarında, döş vəzilərində və uşaqlıq borusunda xərçəng xəstəliyi üç dəfə artıb. Azərbaycanda da döş xərçəngi 3 dəfə çoxalıb. Hər 10 min qadının 32-nin uşaqlıq borusunda xərçəng var. Bütün bunlar reproduktiv sağlamlığın aktuallığını şərtləndirən amillərdir”. 

Millət vəkili bildirib ki, hər il dünyada doğuş zamanı ölən anaların sayı müharibələrdə ölən insanların sayından çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 500 min ana doğuş zamanı ölür. Belə çıxır ki, hər dəqiqədə bir ana doğuş zamanı dünyasını dəyişir. Azərbaycanda da hazırda ana ölümü ilə bağlı müəyyən problemlər var. Uşaq ölümü də həm dünyada, həm Azərbaycanda ciddi problemdir. 2015-2020-ci illərə qədər bütün dünyada bu problemlərin qarşısının alınması üçün tədbirlər görülməlidir. M. Həsənovanın sözlərinə görə, reproduktiv sağlamlıq məsələsinin gündəmə gəlməsi dövlət üçün, millət üçün qadın sağlamlığının nə qədər gərəkli olduğunu göstərir. Layihədə narazılıq doğuran məqamlara gəlincə, millət vəkili bildirib ki, onun özünün də bu maddələrə münasibəti birmənalı deyil: “Başqa bir qadının bətnində uşağın 9 ay qalması, onun qanı ilə qidalanması sonradan tamam başqa nəticələrə gətirib çıxara bilər. Uşaq “surroqat ana”nın bətnində 9 ay qalırsa, deməli, onun qanı ilə qidalanır. Tutaq ki, qadın bu gün Şirvandan, sabah Ağstafadan, o biri dəfə isə Gəncədən olan ailəyə “surroqat ana” oldu. Bu uşaqların gələcəkdə bir-biri ilə rastlaşıb ailə qurmaq ehtimalının çox böyük olduğunu nəzərə alsaq, hansı nəticələrlə üzləşərik? Axı biz hər nə qədər inanmaq istəməsək də, bu uşaqlar ana tərəfdən bacı-qardaş olurlar.

Bununla belə, ölkədə sonsuzluğun faizi 13 faizdir. Dünyada belə qəbul olunub ki, əgər ölkədə 15 faiz sonsuzluq varsa, bu, artıq ciddi təhlükə sayılır. Buna görə də reproduktiv sağlamlığın mühafizəsi elə sonsuzluğun mühafizəsi deməkdir. Hesab edirəm ki, analığın qorunmasına xidmət edən bu qanunun qəbuluna ehtiyac var”.

Qeyd edək ki, dünyanın 140-dan artıq ölkəsi reproduktiv sağlamlıqla bağlı qanun qəbul edib. “Surroqat ana” termini isə Avropada meydana çıxsa da, Avropanın bir sıra ölkəsində, o cümlədən, İngiltərə və Fransada “surroqat ana” məsələsi qanuna salınmayıb. Türkiyə, Malayziya, İran isə İslam dininə uyğun olmadığına görə ümumiyyətlə belə bir qanun qəbul etməyib.

M. Həsənovanın sözlərinə görə, Azərbaycanın bölgələrində elə qadınlar var ki, 40 dəfə abort etdirib: “Savadı, imkanı yoxdur, bəzi ginekoloqlarımız isə hər xəstəyə pul mənbəyi kimi baxırlar. İranda, Türkidə və Avropada belə arzuolunmaz hamiləliyin qarşısının alınması üçün istifadə olunan vasitələr dövlətin büdcəsinin hesabına alınır. Məsələn, Türkiyədə dövlət bu vasitələri bütün ailə planlaşdırılması mərkəzlərinə pulsuz paylayır”.

Millət vəkili bildirib ki, ailənin planlaşdırılması məsələsi İslam dinində də əksini tapıb: “Dinimizə görə, uşağa 2 yaşına qədər ana südü verilməlidir, bu zaman ananın hamiləliyi ləngiyir, ona görə də ana 3 ildən bir dünyaya övlad gətirir. Hətta Peyğəmbərimizə belə bir sual verirlər ki, qadınlar tez-tez hamilə qalmaqdan əziyyət çəkirlər. O cavab verir ki, kişilər bunun qarşısını almaq üçün bir çarə fikirləşməlidirlər”.

Hazırda ölkədə 30 ailə planlaşdırılması mərkəzinin fəaliyyət göstərdiyini deyən M. Həsənova Səhiyyə Nazirliyinin 2006-cı ildən 2015-ci ilə qədər Azərbaycanda reproduktiv sağlamlıqla bağlı milli strategiya hazırladığını xatırladıb: “Əgər reproduktiv sağlamlıqla bağlı dövlət siyasəti varsa, nəyə görə onun qanunvericilik bazası olmasın?”

Qarabağ müharibəsində iştirak etmiş gənclər arasında çox böyük sonsuzluq probleminin olduğunu vurğulayan M. Həsənovanın sözlərinə görə, müharibə hələ bitmədiyindən, qanunda nəzərdə tutulan donorluğu müəyyən dərəcədə tətbiq etmək olar: “Elə cavan uşaqlar var ki, ağır əməliyyata məruz qalırlar, onların əksər orqanlarını kəsib götürürlər. Onda həkimlər təklif edirlər ki, həmin gəncin bir daha uşağı olmayacağından, onun toxumlarını götürüb saxlasınlar. Bunu da hansısa formada tətbiq etmək olar. Elə bir formada ki, əyintilər və başqa məqsədlər baş verməsin”.

“İslam dini embrionun bir bədəndən başqa bir bədənə köçürülməsini qadağan edir”

İçərişəhər Cümə Məscidinin Axundu Hacı Surxay Məmmədli isə APA-ya bu qanunun qəbulunun əleyhinə olduğunu bildirib: “Qurani-Kərim”ə, İslam mədəniyyətinə və əxlaqa görə, embrionun bir bədəndən başqa bədənə köçürülməsi qəbul olunmur. Çünki bu zaman genetik tərkib pozulur. Əgər Allah bir insanın genetik tərkibində övlad olmasını buyurubsa, bu övladı verəcək. Süni mayalanma və digər üsullarla uşaq dünyaya gəlirsə, bu uşağın gələcəkdə millətə, dövlətə, cəmiyyətə xidmət edəcəyi sual altındadır. Çünki bilinmir ki, o haradandır, necədir və ümumiyyətlə, tərkibi nədir”.

S. Məmmədli qanunun müzakirəsinə həddindən artıq mənfi yanaşır, bu qanunun qəbulunun qadınlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını alacağı fikri ilə də razılaşmır: “İnsanlar yararsız həyat tərzi keçirdiyinə görə onlarda ağlagəlməz xəstəliklər meydana çıxır. Son illər Azərbaycanda gənclər arasında QİCS-in yayılması biabırçı vəziyyətə gəlib çatıb. Bu o deməkdir ki, Azərbaycanda dini şüur, dini təkamül formalaşmır. Dində olan gözəl əxlaqın qəbul edilməməsi çox böyük problemlər yaradır. Bu gün Azərbaycan gəncliyi iflic vəziyyətdədir. Səbəbi də budur ki, Azərbaycan gəncləri bu gün dindən, İslamdan yararlanmaq əvəzinə, Avropada gedən cinsi, irsi oyunlara meyllənirlər. Sözsüz ki, belə həyat tərzi keçirən gənclər bu cür xəstəliklərə düçar olacaq. Bu xəstəliklər də Azərbaycanın genetik nəslini pozacaq”.

Azərbaycanda süni mayalanmanın qiyməti 4000 manatdır

Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova APA-ya bildirib ki, 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun çox mütərəqqi olsa da, artıq mövcud reallıqlara cavab vermir. L. Seyidbəyovanın sözlərinə görə, son illər ölkədə sonsuzluq problemi geniş yayıldığından “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunun qəbuluna ehtiyac yaranıb. “Surroqat ana” ilə bağlı narazılığın yaranmasına gəlincə, idarə rəisi hesab edir ki, qanundakı bu maddə bir çox ölkədə qəbul olunub: “Elə qadınlar var ki, özünün və ya həyat yoldaşının hüceyrələri sağlamdır, amma uşağı ana bətnində sonadək saxlaya bilmirlər. Biz istəyirik ki, hüquq və qanun çərçivəsində bu problem həll olunsun. Elə qadınlar var ki, bu işdə iştirak edə bilərlər. Ona görə qanunun qəbulunu istəyirik ki, belə məsələlərdə cinayət tərkibi olmasın. Bilirsiniz, bu istiqamətdə bir neçə cinayət hadisəsi də, ölüm hadisəsi də baş verib. Bu cür halların qarşısını almaq üçün biz təkliflərimizi vermişik. Qəbul olunub-olunmaması isə parlamentin işidir”.

L. Seyidbəyova hesab edir ki, sözügedən qanunla bir çox problem həll oluna bilər. Süni mayalanma ilə bağlı müraciətlərin çox olduğunu deyən L. Seyidbəyoba etiraf edib ki, bu müraciətlər bəzən uğursuz nəticələnir: “Süni mayalanma 4 min manata başa gəlir. Qiymətlər çox baha olduğundan imkanı olmayan şəxslər süni mayalanma ilə bağlı müraciət edə bilmirlər. Daha imkanlı şəxslər isə bu problemi həll etmək üçün xarici ölkələrə gedirlər. İl ərzində süni mayalanma ilə bağlı Azərbaycanda cəmi 5-6 nəfər müraciət edir”.

“Bu qanunun qəbulu ilə Azərbaycanı “holland sindromu”na sürükləmək istəyirlər”

Milli Məclisdə bu qanunun qəbuluna kəskin etiraz edən millət vəkili Fəzail Ağamalı isə APA-ya bildirib ki, sözügedən qanun Azərbaycanın reallığı ilə üst-üstə düşmür, onun qəbuluna ehtiyac yoxdur: “Süni mayalanma, ananın bədəninə toxumalar qoyaraq dünyaya uşaq gətirməsi Azərbaycan mentalitetindən çox-çox uzaq məsələdir. Bu, Azərbaycanı milli məhvərindən çıxarmağa xidmət edən qanundur”. F. Ağamalı bildirib ki, sonsuzluqla bağlı problemlər Azərbaycanda özünəməxsus şəkildə həll olunur: “Sonsuz ailə ya qohumlardan, yaxın adamlardan, yaxud da uşaq evlərindən uşaq götürür. Elə olur ki, ailə boşanır, kişi başqa qadınla, xanım da başqa kişi ilə silə qurur. Yaxud da elə böyük ürəkli qadınlar olur ki, öz həyat yoldaşına dünyaya uşaq gətirən qadınla evlənməyə imkan yaradır”.

Millət vəkilinin sözlərinə görə, bu qanunun qəbulu ilə Azərbaycanı “holland sindromu”na sürükləmək istəyirlər: “Belə getsə, adını çəkmək istəmədiyim başqa bir qanunu ən müxtəlif izahlarla Milli Məclisə təqdim edəcək və deyəcəklər ki, Tbilisi prospektində 10 nəfər yubkalı kişi dayanıb, onların da hüquqlarını müdafiə etmək lazımdır. Axı biz azərbaycanlı olaraq nə ingilis paltarı, nə şotland “şortik”i geyinə bilərik. Bu qanunu qəbul etmək istəyənlərə deyirəm ki, “insafınız olsun, min illər boyu formalaşan adət-ənənələrimizi ayaqlar altına atmayın”. F. Ağamalının sözlərinə görə, sözügedən qanun Azərbaycanın milli mentalitetinə təcavüzdür: “Bu qanun bizim kişilərin namusuna, qadınların ləyaqətinə təcavüzdür. Biz qanunları pozğun həyat tərzi keçirən insanların həyatına uyğunlaşdırmalı deyilik. Müəyyən insanlar ərə getməmişdən əvvəl uşağa qalırlarsa, 2-3 abortdan sonra isə ana olmaq qabiliyyətini itirirlərsə, bu cür pozğun insanların Azərbaycan cəmiyyətinə nə aidiyyəti var? Kim Azərbaycanın indiki şəraiti ilə uzlaşa bilmirsə, getsin Avropada, Fransada yaşasın”.

Millət vəkili hesab edir ki, qanunun qəbulundan sonra cinayətkarlığın səviyyəsi artacaq, anasız-atasız uşaqlar peyda olacaq: “10 ildən sonra təsəvvür edirsinizmi ki, Azərbaycanda hansı vəziyyət yaranacaq. Donor kişiləri tapıb gətirəcəklər, bilinməyəcək ermənidir, gürcüdür, yoxsa zəncidir. Bu kişilərdən uşaq əkib-becərəcəklər. Bu yolla biz hara gedirik?”

“Bu qanuna ehtiyacı olan ailələr, insanlar var”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə APA-ya deyib ki, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunun qəbul olunmasının vaxtı artıq yetişib: “Yalnız “surroqat ana”, süni mayalanma məsələsi müəyyən fikir ayrılıqlarına səbəb olur. Lakin bu, artıq elmdir, elmin tərəqqisidir, artıq həyata keçirilir və bunun qarşısını heç cür almaq mümkün deyil. Qanunun vacibliyi bundan ibarətdir ki, bu problemlər qanun çərçivəsində tənzimlənsin, nizamlansın, heç kim bu proseslər həyata keçiriləndə hüquq pozuntularına yol verməsin”.

S. Qəhrəmanova qanunun qəbulunun milli, mənəvi dəyərlərə zidd olması ilə bağlı fikirlərlə də razılaşmır: “Əgər “surroqat ana”dan, donordan söhbət gedirsə, burada milli mənəvi dəyərlərin pozulmasından söhbət getmir. Bizim ulu köklərimizdə “süd ana” məsələsi var. Hamı bilir ki, uşaq dünyaya gələndə müəyyən mötəbər ailələrdə ana öz uşağını əmizdirmir, onu daha sağlam südlü bir qadına verir”. S. Qəhrəmanovanın sözlərinə görə, bu qanuna ehtiyacı olan insanlar, ailələr var: “Söhbət problemi olan ailələrdən gedir. Bu qanunun onlar üçün nə qədər vacib olduğunu hər bir kəs qərar verəndə düşünməlidir. Onda elmi tərəqqinin qarşısını alaq ki, bizim milli mənəvi dəyərlərə ziddir… Dinimizdə də buyurulur ki, insan sağlamlığı üçün hansısa bir heyvanın orqanının transplantasiyasına icazə verilir. Bu məsələdə nə dinimizlə, nə milli mənəvi dəyərlərimizlə ziddiyyət var. Bu mənim mövqeyimdir. Milli Məclisdə belə fikirlər səsləndi ki, əgər qadınların dünyaya uşaq gətirməklə bağlı problemləri varsa, onda “Çoxarvadlılıq haqqında” da qanun qəbul edək. Amma gəlin fikirləşək. Problem daha çox kişidədir axı… “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanuna ciddi, şəxsi prizmadan yox, ümummilli prizmadan yanaşmaq lazımdır. Problemi olan insanlara yol göstərmək üçün bu qanun vacibdir”.

S. Qəhrəmanova hesab edir ki, qanun kriminal hadisələrin qarşını alacaq: “Qanun qəbul olunsa, müəyyən müqavilələr imzalansa, hər kəs öz hüququnu bilsə, onda kriminal hadisələr də baş verməz”. /APA/