FƏRƏCOV Ənvər Səyyad oğlu

İBRAHİMOV Mübariz Ağakərim oğlu
QULİYEV Mədət Qəzənfər oğlu
SEYİDOV Mirəsgər Mirabdulla

(28.6.1952, Goranboy r-nunun Sarov k. – 11.9.1991, Goranboy r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

 
28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır.
1981-ci ildən isə həyatını daxili işlər orqanlarına bağlayır.
O, Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsində növbətçi kimi əmək fəaliyyətinə başlayır. Sonra sahə müvəkkili vəzifəsində çalışır.
1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. Gəncə şəhər DİŞ-ndə rəis köməkçisi işləyir. 1991-ci ildə doğma rayonuna qayıdır və Todan Polis Şöbəsində pasport-masa rəisi vəzifəsində çalışır. Az keçmir ki, onu Todan Polis bölməsinin rəisi təyin edirlər. Elə bu vaxtdan onun həyatının ən narahat və həyəcanlı günləri başlayır. Onun bir ayağı cəbhədə idi. Bir döyüşdən çıxıb o birinə gedirdi.
18 avqust 1991-ci il… O, yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. O, Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə öz qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qırışı üçün öz canından keçməyə hazır olduğunu bildirirdi.
11 sentyabr 1991-ci il… Yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Polis dəstəsi sayca az olsa da, kəndlərin müdafıəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə erməni yaraqlıları xeyli tələfat verdilər. Bu, Ə.Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oklyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Goranboy rayonunda dəfn edilmişdir.
Goranboy rayonunda büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 101