Fransa radio və televiziyasında Qara Qarayevin əsərləri səsləndirilib

İlham Əliyev: “Azərbaycanlılar o torpaqlara qayıtmalıdır”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
Bu sadəcə strateji əməkdaşlığın nəticəsi deyil, həm də qardaşlığımızın nişanəsidir

Fransanın “Francemusique” radiostansiyasının klassik musiqiyə həsr edilmiş verilişində görkəmli Azərbaycan bəstəkar Qara Qarayevdən danışılıb.

AZƏRTAC xəbər verir ki, verilişdə Q. Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərləri səsləndirilib.

Parisdə keçirilən Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsinin bədii direktoru Röne Körinq verilişdə Qara Qarayevin musiqi aləminə töhfələrindən söz açıb. “Hər bir skripkaçı Qara Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsərini ifa etməlidir. Bu əsər şedevrdir”, –deyə R. Körinq dahi bəstəkarın əsərlərinin yüksək məziyyətlərini qeyd edib.

Q. Qarayevin rus dirijoru E. Svetlanovla dostluğuna toxunan müsabiqəsinin bədii direktoru deyib ki, rus dirijoru bütün konsert proqramlarına onun əsərlərini daxil etmişdir.

R. Körinq həmçinin Azərbaycanın bənzərsiz opera və estrada müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin E. Svetlanovun mahnılarını ifa etdiyini də vurğulayıb.

Verilişdə Q. Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsəri, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən və digər əsərlərindən parçalar səsləndirilib.

Fransanın mezzo.tv kanalında da Q. Qarayev haqqında danışılaraq, onun əsərlərindən parçalar səsləndirilib.

Fransa radio və televiziyasında görkəmli bəstəkar Qara Qarayevə həsr edilmiş verilişlər Fransadakı səfirliyimizin, AZƏRTAC-ın və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə əməkdaşlığı ilə həyata keçirilib.

 

Şəhla Ağalarova, AZƏRTAC-ın xüsusi müxbiri

Paris