“Freedom House” Dağlıq Qarabağı “Ermənistan/Azərbaycan” ərazisi kimi göstərməsinin səbəblərini açıqlayıb

Xocalı soyqırımının tanınmasını və günahkarların cəzalandırılmasını gözləyirik
“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”
«Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının hazırlanmasına ikinci yarımillikdə başlana bilər»

“Freedom House”-un araşdırmalar üzrə direktoru Kris Uolkerin APA-nın ABŞ bürosuna müsahibəsi

– Cənab Uolker, təşkilatınızın 2009-cu il dünya azadlıq xəritəsində (The Freedom of the World Map 2009) bir çox münaqişəli ərazi arasında yalnız Dağlıq Qarabağ “Ermənistan/Azərbaycan” ərazisi kimi göstərilib. Münaqişəli Abxaziya və Cənubi Osetiya Gürcüstanın, Kosovo Serbiyanın, Dnesteryanı isə Moldovanın ərazisi kimi göstərildiyi halda, nəyə əsasən Dağlıq Qarabağı iki ölkənin ərazisi kimi göstərmisiniz? 

– Bu il mübahisəli Dağlıq Qarabağ ərazisinin təqdimatı dəyişməyib. Azadlıq Xəritəsində göstərilən Kosovo və Denstryanı kimi münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi konkret olaraq iki dövlət arasında – Ermənistan və Azərbaycan arasında mövcuddur. Biz öz hesabatımızda dəqiq göstərmişik ki, heç bir ölkə və ya beynəlxalq təşkilat Dağlıq Qarabağın elan etdiyi müstəqilliyini tanımayıb. Ermənistanın adının xəritədə göstərilməsi ona işarədir ki, de-fakto olaraq həmin ərazilər bu ölkənin arxasında durduğu separatçıların nəzarəti altındadır.

– Dağlıq Qarabağın Ermənistan və Azərbaycanın ərazisi kimi göstərilməsi belə deməyə əsas verirmi ki, Siz Azərbaycanın ərazi bütövlüyünü tanımırsınız? Çünki digər münaqişələrə münasibətdə ölkələrin ərazi bütövlüyü prinsipinə öz xəritənizdə hörmətlə yanaşmışsınız…

– Yuxarıda qeyd etdiyim kimi, biz öz hesabatlarımızda göstərmişik ki, heç bir ölkə və ya beynəlxalq təşkilat Dağlıq Qarabağın elan etdiyi müstəqilliyini tanımayıb. Münaqişəli ərazidə iki ölkənin adının qeyd olunması yalnız de-fakto olaraq etnik erməni separatçılarının arxasında Ermənistanın dayandığını göstərir.

– Lakin yəqin Siz də razılaşarsınız ki, Dağlıq Qarabağın “Ermənistan/Azərbaycan” ərazisi kimi təqdim olunması, bilərəkdən və ya bilməyərək Azərbaycanın ərazi bütövlüyünün sübhə altına alınması təəssüratı yaradır…

– Biz Azərbaycanın ərazi bütövlüyünü danmırıq. Hesabatlarımız isə araşdırma apardığımız hər bir ölkə və ərazidə vəziyyəti müəyyən etməyə yönəlib.

– 2009-cu il dünya azadlıq xəritəsində Azərbaycan qeyri azad, Ermənistan isə qismən azad ölkə kimi göstərilib. Sizin ölkənin statusunu müəyyən edən kriteriyalarınızda birinci yerdə “Hökumətin başçısı və ya ali milli lider azad və demokratik yolla seçilibmi” meyarı durur. 2008-ci ilin mart ayında İrəvan küçələrində rəsmi məlumata görə, 8 nəfərin öldürüldüyü, yüzlərlə insanın isə bu gün də siyasi baxışlarına görə həbsxanalarda olduğu bir vaxta Siz nəyə əsasən Ermənistanı qismən azad ölkələr siyahısına daxil etmisiniz?

– 2008-ci ildə baş vermiş siyasi zorakılıqlara görə Ermənistan “siyasi azadlıqlar” bölümündə ciddi şəkildə geriləyib. Ermənistanın “siyasi azadlıqlar” göstəricisi 5-dən 6-ya düşüb. Yeri gəlmişkən, indi Azərbaycan və Ermənistan dünya azadlıq xəritəsində “siyasi azadlıqlar”a görə eyni pillədə – 6-cı yerdədir. Ən aşağı pillə isə 7-ci sayılır. “Hökumətin başçısı və ya ali milli lider azad və demokratik yolla seçilibmi” kriteriyası “Seçki prosesi” bölümündə bizim nəzərdən keçirdiyimiz göstəricidən biridir. Digər göstəricilər “siyasi plüralizm”, “işlək hökumət”, “fikir azadlığı” və “qanunun aliliyi” prinsipləridir. Qeyd edim ki, Azərbaycan və Ermənistan göstəricilərinə görə kifayət qədər yaxındır. Hər iki ölkə siyasi azadlıqlar və sivil hüquqlar baxımından zəif nəticələr göstərib. Amma ümumilikdə bütün göstəricilər nəzərə alınmaqla, Azərbaycan Ermənistandan geridədir. /APA/