Heydər Əliyev Fondunun təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü Pakistanda xüsusi qüsurlu uşaqlarla birgə qeyd olunub

Əli Həsənov: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması təəccüblü deyil və təsadüfi xarakter daşımır
“ELS” “exit-poll”un nəticələrini açıqladı: İlham Əliyev 82,71 faiz səs toplayıb
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar və sosialyönümlü layihələrin davamı olaraq, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə Pakistanın Xüsusi Təhsil üzrə Baş Direktorluğunun müxtəlif məktəblərindən olan xüsusi qüsurlu uşaqlar üçün iftar yeməyi mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İslamabad şəhərinin merinin, Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə müvəkkilinin (ombudsman), bir sıra xarici ölkələrin səfirlərinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından uşaqları və iştirakçıları salamlayan, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə təbrik edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin ənənəvi olaraq uşaq hüquqlarının müdafiəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Səfir uşaqların müdafiəsi, onların rifah halının yaxşılaşdırılmasının, hüquq və azadlıqlarının təmin olunmasının, həmçinin bu sahədə dövlət siyasətinin əlaqələndirilməsinin Azərbaycan hökumətinin əsas vəzifələrindən biri olduğunu qeyd edib.

Səfir uşaqların Azərbaycanda və ölkə xaricində müdafiəsində xüsusi rolun Heydər Əliyev Fonduna, xüsusən Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya məxsus olduğunu vurğulayıb. Bildirilib ki, Fond təsis olunandan bugünədək müvafiq ehtiyaclı uşaqların müəyyənləşdirilməsi, onların təhsili, müdafiəsi, sağlamlıqlarının, hüquq və azadlıqlarının qorunması sahələrində əhəmiyyətli layihələr həyata keçirib və bu işlər bu gün də davam etdirilir.

Səfir Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını qeyd edib. Bildirib ki, həmin ildən etibarən Fondun prezidenti Mehriban Əliyeva Pakistanın bütün əyalətlərində sağlamlıq, təhsil, inkişaf, sosial və humanitar layihələrin icra edilməsi təşəbbüsü ilə çıxış edib və həyata keçirilməsinə dəstək verib. Qeyd edib ki, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməyə və dərinləşdirməyə xidmət edir. O vurğulayıb ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün və müqəddəs Ramazan ayının xüsusi uşaqlarla birgə qeyd edilməsi üçün Fond tərəfindən göstərilən təşəbbüs və dəstək bir daha dostluğa, insanlığa xidmət edir və uşaqların hüquqlarının müdafiəsinə diqqəti çəkmək, onların bayramında onları sevindirmək, daim onlarla birgə olduğumuzu uşaqlara göstərmək məqsədi daşıyır. Səfir Əli Əlizadə tədbirdə digər məqsədin isə onların təqdim etdiyi çıxışlarla qüsurun, əlilliyin bacarıqsızlıq olmadığını, sadəcə əlil uşaqların müdafiə olunmağa, dəstəyə və sevgiyə ehtiyaclarını ictimaiyyətə bir daha xatırlatmaq olduğunu bildirərək bu nəcib işdə təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondunun prezidentinə təşəkkür edib.

Tədbirin əsas qonağı olan paytaxt İslamabad şəhərinin meri Şeyx Ənsar Əziz Pakistan ilə Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli münasibətlərdən söhbət açıb. O, Heydər Əliyev Fondunun Pakistanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və 2005-ci ildə baş vermiş zəlzələdən sonra Fond tərəfindən Kəşmirin Müzəffərabad şəhərində tikilmiş 500 şagird yerlik qızlar məktəbinin xatırlanan layihələrdən olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fond sadəcə məktəbi inşa etməklə kifayətlənməyib, eyni zamanda, mütəmadi olaraq onu lazımi ləvazimatlarla – kompüterlər, printerlər, kitab və s. əyani vasitələrlə də təmin edir. İslamabad şəhərinin meri Fondun həyata keçirdiyi digər layihələri, o cümlədən sağlamlıq sahəsindəki layihələri də qeyd edərək, eləcə də Ramazan ayında Pakistanın müxtəlif bölgələrində yardım bağlamalarının əhalinin kasıb təbəqəsinə paylanmasının, Qurban bayramında isə sağlamlıq vəziyyəti məhdud olan yüzlərlə uşaqların yaşadığı müəssisələr üçün qurbanlıqların kəsilərək təqdim olunmasının, hədiyyələrin, tabletlərin, oyuncaqların verilməsinin insanlıq nümunəsi olduğunu xatırladıb. Ş.Ə.Əziz bütün bunların Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistana səmimi münasibətinin təzahürü olduğunu qeyd edib və Fondun Pakistanda həyata keçirdiyi işlərin nəticəsi olaraq Mehriban xanım Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsinin təsadüfi olmadığını söyləyib.

Sonda mer Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə İslamabad şəhərinin xüsusi qüsurlu uşaqları üçün iftar yeməyi təşkil etdiklərinə, müxtəlif hədiyyələr verdiklərinə və onlara bu dünyanın bir hissəsi olduqları hissini yaşatdıqlarına görə təşəkkürlərini çatdırıb.

Tədbir müxtəlif məktəbləri təmsil edən xüsusi qüsurlu uşaqların kiçik səhnəcikləri, çıxışları, həmçinin uşaqlara hədiyyələrin təqdim edilməsi ilə davam edib və onlar üçün açılmış iftar süfrəsi ilə başa çatıb.

Qulu Kəngərli, AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad