Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur

Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan növbəti konfrans Qusarda təşkil ediləcək
AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)
Miroslav Layçak: BMT Azərbaycanla əlaqələrə önəm verir

Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edən müxtəlif açıqlamalar verilir, iddialar irəli sürülür. Bunlar reallıqdan tamamilə kənardır, cəfəngiyatdır. Xüsusilə Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə fikirlər də tamamilə qəbuledilməzidir və reallıqdan kənardır. Əslində, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Azərbaycana qarşı hərbi təcavüz əməlləri həyata keçirilib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri törədilib ki, bunlar da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına imkan vermir. Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə açıq və birmənalı şəkildə təsbit olunub ki, insanların hüquqlarının pozulması ilə digər hər hansı hüquqların həyata keçirilməsi tamamilə qəbuledilməzdir və bu, düzgün yanaşma deyil. İnsan hüquqlarının müdafiəsi haqqında bütün sənədlərdə təsbit olunub ki, bu hüquqlar universal xarakter daşıyır və bərabərhüquqlu şəkildə təmin olunmalıdır. Açıq şəkildə görünür ki, Ermənistanın bu cür iddiaları təcavüz faktını gizlətməkdən başqa bir şey deyil. Yerevan obyektiv reallıqdan fikri yayındırmaq, beynəlxalq ictimaiyyəti aldatmaq kimi addımlara əl atır. Ermənistan hakimiyyəti xüsusilə Frankofoniya adlı sammitin keçirildiyi əsnada beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bunlar əbəs yerə atılan addımlardır. Dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ölkəmizin bu istiqamətdə mövqeyi daim möhkəmlənir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər bunu sübut edir. Ermənistan tərəfi destruktiv əməllərinə son qoymalı, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə münaqişənin həllində real imkanlar yarana bilər. Nəticə etibarilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın erməni, azərbaycanlı icmaları əvvəlki dövrdə olduğu kimi, sülh və əmin-amanlıq içərisində yaşamağa davam edə bilərlər.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının zəngin multikultural ənənələri var. Ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlərboyu sülh içərisində yaşayırlar. Azərbaycan bu kimi dəyərləri milli və beynəlxalq səviyyədə təşviq edir. Ermənistan isə monoetnik dövlətdir. Ermənistan dövlətinin milli səviyyədə yürütdüyü siyasət, nəinki Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistanın özündə də müxtəlif etnik icmalara, o cümlədən köklü azərbaycanlılara qarşı törətdiyi cinayət beynəlxalq ictimaiyyətə çox gözəl məlumdur. Ona görə də Ermənistanın hazırkı hakimiyyəti reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalı və münaqişənin həllində konstruktiv addımlar ataraq regionda davamlı sülhün bərpa olunması üçün səylər göstərməlidir.