Bu il Azərbaycanda orta məktəb müəllimlərinə təyinat verilməyəcək
Xəbərlər » Ölkədə / (23 Iyun 2011, 14:06)
Bu il Azərbaycanda orta məktəb müəllimlərinə təyinat verilməyəcək“Bu il Azərbaycanda orta məktəb müəllimlərinə təyinat verilməyəcək. İşə göndəriləcək bütün müəllimlər müsabiqədən keçəcək”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, iyulun 1-dən vakant müəllim yerləri elan ediləcək və elektron ərizələr qəbul olunacaq. Burada həm ümumi qayda ilə işə qəbul, həm də güzəştli şərtlərlə ucqar kənd məktəblərinə qəbulla bağlı məlumat veriləcək: “İyulun 15-nə qədər sənədlər qəbul olunacaq. Sonra Təhsil Nazirliyi tərəfindən müəyyən təhlil aparılacaq, avqust ayında isə bütün müraciət edən müəllimlərlə fənlər üzrə imtahan keçiriləcək. Yeni dərs ili başlayanadək biz artıq müəllimləri iş yerlərinə göndərə biləcəyik”.
Şöbə müdiri deyib ki, ölkədə 2 minə qədər vakant müəllim yeri var. Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə, gənclərin çağırışa qədərki hazırlığı, informatika fənləri, rayon yerlərində daha çox Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, informatika və xarici dil müəllimlərinə ehtiyac var. Daha çox müəllim ehtiyacı Azərbaycanın İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarındadır.
F. Qədirov onu da qeyd edib ki, hələlik Azərbaycanda müəllimlərin attestasiyasını keçirməyə ehtiyac yoxdur: “Dünyada da müəllimləri attestasiyası adlı mexanizm yoxdur. Hər təhsil müəssisəsi özü mütəmadi olaraq müəllimləri monitorinqini keçirir, müşahidələr aparır və onların fəaliyyətini qiymətləndirir. Müəllimlərin inkişafı ilə məktəb məşğul olmalıdır. Təhsil Nazirliyi ölkədə olan 170 000-ə yaxın müəllimin monitorinqini apara bilməz”. /APA/

AVCIYA.AZ