Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
ARALIQ HESABAT
Kitabxana » Bizim nəşrlərimiz / (2 Noyabr 2010, 17:11)
![]() Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkşafına Yardım Assosiasiyasi Azərbaycan Respublikasında 07 noyabr 2010 – cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ARALIQ HESABAT (08 sentyabr – 02 noyabr 2010-cu il) Giriş Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş seçkilərin və 2009 – cu ilin 18 mart referndumunun monitorinqini həyata keçirib. Bundan başqa AVCİYA Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq 2004 – cü il bələdiyyə seçkilərində “exit-poll” tədqiqiatını təşkil edib. Assosiasiya 7 noyabr 2010 – cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilər ilə bağlı namizədlərin irəli sürülməsi, onların MSK – ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, Milli Məclisə seçkilər ərəfəsində ölkədəki ictimai - siyasi mühüt, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyət həyata keçirir. Bu günə qədər görülmüş işlərlə bağlı aralıq hesabat hazırlanıb. Aralıq hesabat 08 sentyabr – 02 noyabr 2010-cu il tarixini əhatə edir. Milli Məclisə seçkilər günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin hesabat noyabrın 8 - də, yekun hesabat isə 23 noyabr 2010 – cu il tarixinə kimi açıqlanacaq. Ilkin və yekun hesabatda AVCİYA – nın Milli Məclisə seçkilərdəki müşahidəsinin nəticələri öz əksini tapacaq. Yekun rəyin azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılıb. 7 noyabr 2010 - cu il tarixdə keçiriləcək parlament seçkilərinin daha demokratik və şəfaf keçirilməsi, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə AVCİYA Seçki Qərargahı fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 – cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirib. Assosiasiya 26 may 2010 – cu il tarixdə mətbuat konfransı keçirərək fəaliyyət proqramını ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar reqionlarda işini üç mərhələdə təşkil edib: • I mərhələdə - regional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası işləri həyata keçirilib; • II mərhələdə - regionlarda müşahidəçilər üçün təlim keçmək üçün təlimçilər hazırlanıb və onlara AVCİYA – nın sertifikatları təqdim olunub; • III mərhələdə - seçicilərin fəallığının artırılması ilə bağlı seminarlar və müşahidəçilər üçün treniqlər keçirilib; AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan I mərhələni, regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) iyun ayının axırında başa vurub. Bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bundan başqa Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun) və Gəncədə (28 iyun) ətraf rayon nümayəndələrinin iştirakı ilə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub. AVCİYA iyul ayının əvvələrindən fəaliyyət proqramın II mərhələsində Respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib. Konkret olaraq Şirvan (20 iyul), Lənkəran (21 iyul), Ucar (23 iyul), Goranboy ( 24 iyul), Gəncə (25 iyul), Oğuz (26 iyul), Xaçmaz ( 29 iyul) və Zaqatalada ( 01 avqust) təlimçilər üçün seminarlar keçirilmiş və reqionlarda müşahidəçilərə treniqlər keçmək üçün 43 nəfər təlimçi hazırlanmışdır. Təlimçilərin hər birinə AVCİYA-nın sertifikatları təqdim olunmuşdur. AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar regionlar üzrə müşahidəçilərin seçilməsi, onların qeydiyyatdan keçirilməsini artıq başa çatdırıb. Bu işlərlə paralel olaraq bu günə qədər müşahidəçilər üçün 73 seminar keçirilib. Konkret olaraq sentyabr ayının 28 – dən oktyabrın 31 - nə kimi Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay, Qobustan, Ucar, Kürdəmir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Sumqayıt və s. şəhər və rayonlarda seminarlar keçirilib. Bundan əlavə AVCİYA Seçki Qərargahında Bakı şəhəri üzrə müşahidəçilərə 21 treninq təşkil olunub. Həmçinin Sumqayıt şəhərində 5 seminar keçirilib. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edir. Bununla əlaqədar 8 noyabr 2010 – cu il tarixdə, seçkilərdən dərhal sonra AVCİYA – nın seçkilərin nəticələri ilə bağlı ilkin hesabatı, noyabrın 20 – sinə kimi yekun hesabat ictimaiyyətə təqdim olunacaq. AVCİYA bu günə qədər seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr edib. Bu ilin iyul ayında isə “2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” 5 min tirajla çap olunaraq regionlara paylanıb. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabçaların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Bundan əlavə avqustun 19 – dan başlayaraq 2 noyabra qədər hər həftənin 4 - cü günü, “525 – ci qəzet”in bir səhifəsində ( Hesabat dövründə 11 səhifə) AVCİYA - nın Milli Məclisə seçkilərlə bağlı yazıları dərc olunub. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkiləri müxtəlif missiyaların tərkibində müşahidə etmişlər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək Milli Məclisə seçkilərdə 106 dairə üzrə 4400 məntəqədə müşahidəni təşkil edəcək. AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi ATƏT-in, Avropa Şurasının müşahidə missiyasının üzvləri, Avropa İttifaqının Bakı ofisinin əməkdaşları, İsveçin Jarl Hjalmarson Fondunun nümayəndələri ilə görüşlər keçirmiş, onlara Seçki Qərargahının fəaliyyəti haqqında geniş məlumat vermişlər. Bundan başqa Böyük Britaniyanın Azərbaycanda səfirliyinin nümayəndələri AVCİYA - nın Zaqatala Regional nümayəndəliyinin ofisində, ABŞ – ın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları Şirvan Regional nümayəndəliyinin ofisində, ATƏT – in müşahidə missiyasının üzvləri və ABŞ - ın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları Xaçmaz Regional nümayəndəliyinin ofisində AVCİYA üzvləri ilə görüşlər keçirmişlər. Ümumi İcmal Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra 1995, 2000, 2005 –ci illərdə Milli Məclisə seçkilər keçirilib. 1995 və 2000 – ci il seçkilərində 100 millət vəkili mojaritar, 25 millət vəkili isə proporsional sistem üzrə seçilmişdir. 2005 – ci il seçkiləri və 2006 – cı ildə bəzi dairələrdə keçirilmiş təkrar seçkilər tam mojaritar sistem üzrə aparılmışdır. Milli Məclisə 2010 – cu il seçkiləri də tam mojaritar sistem üzrə aparılacaq. Azərbaycan Respublikasında tətbiq olunan plüralist – majoritar sistem (HQÇ) Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur. Plüralist – majoritar sisteminə görə səslərin nisbi çoxluğunu qazanan namizəd qalib gəlir. Məsələn, bir namizəd səslərin 51% - ni, digəri 49 % - ni qazanırsa, 51% səs toplamış namizəd qalib hesab olunur və demək olar ki, səslərin hamısı (100%) qalibə çatır. Bu sistemə görə hər dairədən bir namizəd seçilir. Mojaritar sistem digər sistemlərə nisbətən hökümətin öz proqramını axıracan yerinə yetirməsinə münbit şərait yaradır. Hazırda fəaliyyət göstərən Milli Məclisdə Yeni Azərbaycan Partiyası (YAP) parlamentdəki yerlərin çoxunu tutur (63 deputat). Müsavat partiyasından dörd, Vətəndaş Həmrəyliyi Partiyasından üç, Ana Vətən Partiyasından iki, Ədalət, Azərbaycan Demokratik İslahatlar, Vətəndaş Birliyi, Böyük Quruluş, Xalq, Sosial Rifah, Ümid, və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının hərəsindən bir deputat təmsil olunur. Siyasi partiyalarda təmsil olunmayan, müstəqil deputatların sayı 45- dir. Milli Məclisə deputatlar 125 tək mandatlı seçki dairəsindən beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2005-ci ilin noyabr ayında keçirilmişdi. Konstitusiyaya uyğun olaraq, seçkilər noyabr ayının ilk bazar günü keçirilir. Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbəti seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilib. 2005-ci ildə təşkil olunmuş Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının tərkibi Milli Məclisdə çoxluqda olan partiyaların, azlıqda olan partiyaların və bitərəflərin nümayəndələrindən təşkil olunub. Mərkəzi Seçki Komissiyası 18, dairə seçki komissiyaları 9, məntəqə seçki komissiyaları isə 6 üzvdən ibarətdir. Milli Məclisə seçkilər 2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsi ilə keçirilir. Seçki Məcəlləsinə 2005, 2008 və 2010-cu illərdə əlavə və dəyişiklər edilib. Əlavə və dəyişiklərdə ATƏT /DTİHB və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinin bir qisminin nəzərə alınsa da, bir qismi hələ də müzakirə obyekti olaraq qalır. Seçki Məcəlləsinə dəyişikliklə seçki kampaniyasının müddəti 120 gündən əvvəlcə 75 günə, sonradan isə 60 günədək endirilib, təşviqat müddəti 60 gündən 28 günə, sonra isə 23 günə qədər azaldılıb. Namizədin qeydiyyatı üçün depozit və namizədlərə dövlət vəsaitinin ayrılması ləğv edilib. Bu il keçiriləcək parlament seçkiləri ərəfəsi qadınların fəallığının artması müşahidə olunur. Son bələdiyyə seçkilərində də qadınların seçkilərdə fəallığı əvvəlki seçkilərə nisbətən xeyli artıq olmuşdur. Bunun da nəticəsində bələdiyyələrdə qadınların təmsilçiliyi 4 faizdən 28 faizə qədər yüksəlib. Bu amil yeni parlamentdə də qadınların təmsilçiliyinin xeyli artacağı etimalını irəli sürməyə imkan verir. Azərbaycanda Parlamentində qadınların təmsilçiliyi 1975- ci ildə 37,8 %, 1980 - ci ildə 39,8 %, 1985 - ci ildə 39,8 %, 1990 -cı ildə 4,3 %, 1995 - ci ildə 12,1%, 2000 –ci ildə 10,7 %, 2005- ci ildə 10,5 %, 2006 -cı ildə 11,2 % təşkil edib. Seçki qabağı mühit Hazırki seçki qabağı mühiti 2005 – ci il parlament seçkiləri ərəfəsi mühitlə müqayisədə daha konstruktiv qiymətləndirmək olar. Milli Məclisin 8 oktyabr 2010 iclasında Mərkəzi Seçki Komissiyasının tərkibində uzun müddət boş olan 3 yerdən birinə Müsavat Partiyasından, birinə BAXCP-dən, digərinə isə bitərəfləri təmsil edən yeni üzvlərin təsdiq edilməsi də bunu sübut edir. Parlament seçkiləri ərəfəsi ATƏT – in Bakı ofisinin müsbət fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu beynəlxalq qurum Bakı Şəhər İcra hakimiyyəti ilə birlikdə sərbəst toplaşma azadlığı ilə bağlı birgə işçi qrupu təşkil etmiş, İcra Hakimiyyəti Rəhbərləri və Dairə Seçki Komissiyalarının Sədrləri üçün seçki prosesinə müdaxilə problemi ilı bağlı məlumat sessiyaları, jurnalistlər və mətbuat xidməti təmsilçiləri üçün təlimlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirələr, Naxçıvanda vəkil olmaq istəyən hüquqşünaslar üçün 3 həftəlik kurslar və s. işlər təşkil edib. Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Missiyası ATƏT-in öhdəliklərinə uyğun olaraq, 18 iyun tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (ATƏT / DTİHB) 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvət etdikdən sonra həmin beynəlxalq qurum 2010-cu il 21-24 iyun tarixlərində Azərbaycanda Ehtiyacların Qiymətləndirilməsi Missiyasını (EQM) həyata keçirib. Bu missiya çərçivəsində ATƏT / DTİHB – nin EQM Seçki Departamentinin Rəhbəri Nikolas Kajorovski və Baş Seçki Mütəxəssisi Conatan Stounstrit qarşıdakı parlament seçkiləri üçün hazırlıq vəziyyəti və səviyyəni qiymətləndirmək və ATƏT / DTİHB-nin seçkilər üçün mümkün müşahidə fəaliyyətinin tətbiqi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Bakıda hökumət orqanları, seçki administrasiyası, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib. Bundan sonra ATƏT – in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “AZƏRBAYCAN RESPUBLİKASI PARLAMENT SEÇKİLƏRİ 7 noyabr, 2010-cu il ATƏT/DTİHB-İN EHTİYACLARIN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ MİSSİYASININ HESABATI (21 - 24 iyun, 2010) ictimaiyyətə təqdim edilib. Hesabatda qeyd edilir ki, “ATƏT / DTİHB ictimaiyyətin seçki prosesinə etimadını artırmaq üçün Azərbaycanın dövlət orqanlarını bu hesabatda qeyd edilən məsələlərin, xüsusilə, toplaşma azadlığının təmin edilməsi, media mühitinin təkmilləşdirilməsi və seçki komissiyalarının tərkibi ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görməyə çağırır.” Seçki kampaniyasını və seçki hazırlıqlarını izləmək üçün ATƏT - in 30 uzun müddətli müşahidəçi hazırda respublikanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirir. Seçki günü proseduralarını, o cümlədən səsverməni, səslərin sayılmasını və nəticələrin protokollarının doldurulmasını izləmək üçün 100 - ə yaxın qısa müddətli müşahidəçinin Azərbaycana gələcəyi gözlənilir. Bundan başqa Avropa Parlamentinin 7 nəfərdən ibarət qısamüddətli missiyası ATƏT missiyasının tərkibində, həm də ayrılıqda müşahidəçilik edəcək. Həmçinin Avropa İttifaqından təxminən 15-20 müşahidəçi qrup, o cümlədən Aİ-nin üzv ölkələri və strukturlarının nümayəndələri Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək. Bu günə qədər Azərbaycanda parlament seçkilərinin gedişini izləmək istəyən 859 beynəlxalq müşahidəçi qeydə alınıb. Parlament seçkilərini ümumilikdə 49 ölkədən müşahidəçi izləyəcək. Ölkə üzrə seçkiləri müşahidə etmək üçün 2417 nəfər MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 29 546 müşahidəçi qeydə alınıb. Oktyabrın axırına kimi 33 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. AVROPA ŞURASI PARLAMENT ASSEMBLEYASININ 5 nəfərdən ibarət SEÇKİQABAĞI MİSSİYASI 21 oktyabr 2010 – cu il tarixdə verdiyi bəyanatda seçki prosesini aşağıdakı kimi qiymətləndirilmişdir: • Missiya seçkı kampaniyasının ümumilikdə dinc şəraitdə keçməsini müsbət qarşılayıb. Bu, keçmişdə zorakılıq və qarşılıqlı ittihamlarla kölgə altına düşən seçki kampaniyalarından müsbətə döğru uzaqlaşmaq deməkdir; • Həmçinin, Mərkəzi Seçki Komissiyasının işində müşahidə olunan irəlləyişlər, MSK tərəfindən keçirilən seçiciləri maarifləndirmə proqramları, seçici siyahılarının dəqiqliyinə daha cox diqqətin yetirilməsi də təqdirəlayiqdir; • Digər bir müsbət hal ondan ibarətdir ki, bundan əvvəl keçirilən bəzi seçkilərdən fərqli olaraq Azərbaycan müxalifəti seçki kampaniyasında fəal surətdə iştirak edir. Ayrı-ayrı namizədlərin fərdi seçki gündəliyinin olmasına baxmayaraq, müxalifət seçki blokları yaratmağa səylər göstərir. Qeyd olunmalıdır ki, seçki ittifaqlarının yaradılması bir qayda olaraq demokratiya prosesinin ayrılmaz hissəsini təşkil edir; • Biz qeyri-hökumət təşkilatlarının seçki prosesində iştirakı üçün yaradılan yeni imkanları alqışlayırıq; • Azərbaycan qanunvericiliyinin ümumi seçki hüququ təmin etməsinə baxmayaraq, xaricdə yaşayan çoxsaylı azərbaycanlılar yalnız seçki günü yaşadıqları dairəyə geri döndükləri halda səsvermədə iştirak edə bilərlər. Belə bir hal seçki hüquqlarının universal xarakter daşıması prinsipinə kölgə salır; • Sağlamlığı ilə problemləri olan şəxslərin səs verməsi üçün daha yaxşı şəraitin yaradılması tələb olunur. Bu məqsədlə, məsələn, xəstəxanalarda seçki məntəqələri yaradıla bilər və s. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında 30 oktyabr 2010 – cu idə açiqladığı ikinci aralıq hesabatda aşağıdakılar qeyd olunub: • MSK çoxsaylı təlimatlar hazırlayıb, seçki komissiyalarının üzvləri üçün müxtəlif treninqlər keçirib. Bu treninqlərin ilk mərhələsi iyulda keçirilib, ikinci mərhələyə isə oktyabrın əvvəllərində start verilib. MSK-nın iclasları KİV nümayəndələri və müşahidəçilər üçün açıqdır. İclasın gündəliyi əvvəldən açıqlanır, qəbul olunan qərarlar dövlət kütləvi informasiya vasitələri və MSK-nın saytı vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır. MSK-nın iclasları kütləvi informasiya vasitələrinin nümayəndələri və müşahidəçilər üçün açıqdır. MSK seçicilər, aşağı səviyyəli seçki qurumları və polis əməkdaşları üçün maarifləndirmə işlərini davam etdirir. Mərkəzi Seçki Komissiyası həmçinin seçici siyahılarının təkmilləşdirilməsi istiqamətində ciddi səylər göstərir. Seçici siyahıları seçicilər üçün açıqdır və seçki məntəqələrində seçicilərin sərbəst şəkildə tanış ola biləcəyi yerlərdə asılıb. Seçicilərə siyahıda özləri ilə bağlı yanlış məlumatları düzəltmək imkanı yaradılıb; • Missiya ölkədəki parlament seçkilərində bütün əsas siyasi partiyaların iştirakını müsbət qiymətləndirir; • Azərbaycanda bir neçə görkəmli siyasətçi qadının olmasına baxmayaraq, onlardan heç biri siyasi partiyaların sədri olmaması və seçkilərdə nominallaşdırılmış qadın namizədlərin 13 faizinin qeydiyyatdan keçməsi xüsusi vurğulanıb; • Yeni Azərbaycan Partiyası 2005-ci illə müqayisədə qadın namizədlərin sayını xeyli, 12-dən 19-dək artırıb. AXCP-Müsavat blokundan bu alyansın irəli sürdüyü 91 nominallaşdırılmış namizəddən yalnız beş qadın deputat kreslosu uğrunda mübarizə aparması qeyd olunub; • Seçkiqabağı dövr siyasi partiyaların nəzərəçarpacaq fəaliyyətinin olmaması ilə xarakterizə edilir və bəzən bu, müxalifətin məhdud maliyyə resursları səbəbindən baş verdiyi bildirilir; • İctimai Televiziya deputatlığa namizədlərin iştirakı ilə debatlar keçirən yeganə ümummilli kanaldır, burada bütün namizədlərə 4 dəqiqə pulsuz efir vaxtı ayrılıb; • Televiziyadan fərqli olaraq, KİV nəşriyyatı daha rəngarəngdir. Belə ki, onların arasında müxalif və müstəqil nəşrlər olması xüsusi vurğulanıb; • Dairə Seçki Komissiyalarının namizədi qeydə almaqdan imtina qərarlarını əsasən namizədlərin lehinə toplanmış imzaların yoxlanması nəticəsində veriblər. Bir çox imzalar şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə etibarsız sayılıb. Missiya hesab edir ki, bu yanaşma namizədin qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Çünki namizədlərin əksəriyyətinə hansı imzaların qanuni qüvvə daşıdığı barədə məlumat verilməyib; • Oktyabrın 25-dən başlayaraq Mərkəzi Seçki Komissiyası daxil olan 224 şikayəti araşdırıb, onlardan 42 şikayəti təmin edib Aralıq hesabatda həmçinin seçici siyahılarının hazırlanması, seçicilərin maarfləndirilmə məsələsi də öz əksini tapıb. Seçki admistrasiasının fəaliyyəti MSK fəaliyyət proqramına uyğun olaraq seçkilərə hazırlıq işinə başlamış və seçkilərə start verilənədək seçkilərin keçirilməsinə dair bir sıra qərar və təlimatları qəbul etmişdi. MSK qanunverici sənədlərlə birlikdə 32 təlimat əsasında fəaliyətini təşkil edib. Bu təlimatlardan 15 – i xüsusi, 17 – si isə ümumi təlimatlardır. Xüsusi təlimatlardan 3-ü 2005 – ci ildə qəbul edildiyi kimi qalmiş, 5 – nə əlavəllər edilmiş, 7 – si isə yeni qəbul edilmişdir. Ümumi təlimatlardan 14 – nə dəyisiklik edilməklə yenidən təsdiq edilmiş, 3- ü olduğu kimi saxlanılmışdır. Bu təlimatlardan biri “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi” qaydaları adlanır (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı Qərarı ilə təsdiq edilib). Təlimatda deyilir: “Bu Qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40.1 və 110-cu maddələrinə müvafiq olaraq hazırlanmış, Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumlarda) aşkarlıq institununun daha geniş tətbiq edilməsi məsələlərini əhatə edir. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır. Bu cür videoyazılar şikayətlərin araşdrıdırılması zamanı sübut kimi istifadə edilə bilər və onların 5 il müddətində saxlanılmasını həmin qurğuları quraşdıran tərəf təmin edir.” MSK-nın bütün qərar və təlimatları www.cec.gov.az yerləşdirilib. Bu saytda Mərkəzi Seçki Komissiyası ilə əlaqə səhifəsində ünvan və telerfon nömrələri göstərilib.( Bakı - Azərbaycan AZ 1115 S.S. Axundov 1E Tel: (994 12) 563 40 08, Faks: (994 12) 562 70 09 Elektron poçtu: office@cec.gov.az)Seçkilər İnformasiya Mərkəzinin elektron səhifəsindən irəli sürülmüş namizədlər barədə, imza vərəqələrinin alınması və namizədin qeydə alınıb-alınmaması haqqında DSK qərarlarının tarixləri haqda və s. məlumatları almaq mümkündür. MSK – nın rəsmi saytında “Seçicilərin axtarış sistemi” yaradılıb ki, hər bir vətəndaş öz adının, atasının adını və soy adını bura yazmaqla seçici siyashısında qeyd olunub, olunmadığını yoxlaya bilər. Bundan başqa “qaynar xətt” də fəaliyyət göstərir. MSK dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar təşkil etmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə birgə dairə seçki komissiyalarının üzvlərinə seminar keçirəcək trenerlərə treninqlər keçirib. Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirmişdir. Bundan başqa MSK “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş” “Müşahidəçilər üçün Yaddaş” və Seçki günü üçün Yaddaş” kitabçaları hazırlayaraq çap edib. Dairə seçki komissiyaları da namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə tərtib olunmuş təqvim planına uyğun işləmişlər. Bu mərhələdə dairə seçki komissiyalarının fəaliyyəti haqqında geniş ictimaiyyətin məlumatlandırılması ilə bağlı müsbət addımlar atılıb. Qərarların surətləri rəsmi internet səhifəsində, DSK məlumat lövhələrində də yerləşdirilib. Azərbaycanda 52 siyasi partiya dövlət qeydiyyatından keçsə də, seçkilərdə 5 siyasi partiyalar bloku və 22 partiya iştirak edir. “AXCP-Musavat”, “Qarabağ”, “İslahat”, “İnsan Naminə” və “Demokratiya” seçki blokları seçki ərəfəsi formalaşıb. • “Qarabağ Seçki Bloku” siyasi partiyalar bloku (Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Aydınlar Partiyası); • “İNSAN NAMİNƏ” siyasi partiyalar bloku (Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası); • “Demokratiya” siyasi partiyalar bloku (Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Demokratik İslahatlar Partiyası) • “İslahat bloku” siyasi partiyalar bloku ( Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Azərbaycan Təkamül Partiyası) • “AXCP-Müsavat” siyasi partiyalar bloku (Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası) Namizədlərin qeydə alınması əvvəlki illərə nisbətən xeyli sadələşdirilib. Namizədin irəli sürülməsi DSK-nın qərarı ilə təsdiq edildikdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədin müdafiəsi üçün 450 imza toplanması tələb olunur. Əvvəlki illərdən fərqli olaraq bir seçici bir deyil, istədiyi sayda namizədə imza verə bilər. MSK-nın 17 oktyabr 2010 – cu il tarixə olan məlumatına görə, ölkə üzrə ümumilikdə 125 seçki dairəsi üzrə 719 deputatlığa namizəd qeydiyyata alınıb. Bunlardan 621-i kişi, 98 nəfəri isə qadın namizədlərdir. 1412 nəfər imza vərəqələri götürmüş, onlardan 297-si imza vərəqələrini geri qaytarmamışdır. DSK-lar 324 namizədin qeydiyyatından imtina etmiş, 72 nəfər özü namizədliyini geri götürmüşdür. Qeyd etmək lazımdır ki, 2005-ci il parlament seçkilərində 2063 namizəd qeydə alınmışdı. Əvvəlki parlament seçkilərinə nisbətən seçkilərə namizəd kimi qatılmaq arzusunda olanların sayı 35 faiz az olmuşdur. Partiya xətti ilə qeydiyyata alınan namizədlərin sayı: Yeni Azərbaycan Partiyası 113, KXCP 30, AMIP 23, DADP 20, Ana Vətən Partiyası 7, Müasir Müsavat Partiyası 7, AMDP 2, ASDP 2, Azərbaycan Milli Dövlətçilik Partiyası 1, Azərbaycan Tərəqqi Partiyası 1 Bloklardan qeydiyyata alınan namizədlərin sayı: • «AXCP-Müsavat» blokundan 92 namizəd irəli sürülüb, 35-i qeydiyyata alınıb; • «Qarabağ» blokundan 99 namizəd irəli sürülüb, 32 – si qeydiyyata alınıb; • «İslahat» blokundan 106 namizəd irəli sürülüb, 31-i qeydiyyata alınıb; • «İnsan naminə» blokundan 83 namizəd irəli sürülüb, 19 –u qeydiyyata alınıb; • «Demokratiya» blokundan 101 namizəd irəli sürülüb, 17 –si qeydiyyata alınıb; MSK ilin əvvələrindən noyabrın 2- nə qədər 380 qərar qəbul edib ki, bunun da 298-i daxil olmuş müraciətlərlə bağlı olmuşdur. Bu müraciətlərdən edilmiş şikayətlərin bir qismi aidiyyatı üzrə baxılmaq üçün DSK – lara göndərilmiş, bir qismi əsassız olduğundan təmin edilməmiş və DSK – nın qərarı qüvvədə saxlanılmiş, bir qisminin isə şikayəti təmin edilmiş və DSK – ların qərarları ləğv edilmişdir. Bundan başqa bəzi müraciətlər qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçiyə geri göndərilmişdir. Seçki kampaniyası 15 oktyabr 2010 – cu il tarixdən namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb. “Seçki Məcəlləsi”nin 75 – ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış ( 6 noyabr saat 08 – 00) dayandırılır. Seçki Məcəllənin 77.1 və 77.2. maddələrində qeyd olunur ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları ödənişsiz efir vaxtından istifadə edə bilərlər. Lakin Yeni Azərbaycan Partiyası istisna olmaqla heç bir partiya və seçki blokunun seçki dairələrinin 60-dan çoxunda namizədi qeydə alınmayıb. Hakim partiya bu imkandan istifadə etməyəcəyini bəyan etdikdən sonra, MSK alternativ imkanlar axtarmalı olmuş və namizədlərin hamısı üçün məqbul olan qərar qəbul etmişdir. Qərarda deyilir ki, İctimai Televiziya kanalında seçki dairələri üzrə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtı və bir qayda olaraq həmin gün efir vaxtından istifadə etmiş seçki dairələrinin namizədləri üçün müvafiq olaraq “Azərbaycan” qəzetinin səhifələrində bərabər həcmdə ödənişsiz dərc yeri ayrılmalıdır. Bu qərara müvafiq olaraq namizədlər növbəlilik əsasında hər gün İTV-də ödənişsiz efirdən istifadə edirlər. MSK-nın bu qərarı namizədlər tərəfindən əsasən müsbət qarşılanıb. Mərkəzi kanallardan İTV, “Lider” TV, bölgə kanallarından “Dünya” TV (Sumqayıt), “Mingəçevir” TV, “Kəpəz” TV (Gəncə), “EL” TV (Yevlax), radiolardan “Antenn” FM ödənişli reklam yaymaq niyyətini açıqlayıb. 7 noyabr seçkisinin təşviqat mərhələsinə qoşulan milli televiziyalar – İctimai Televiziya və “Lider” televiziyası qiymətləri açıqlayıblar. İTV-dən danışmaq istəyən namizədlər 5 dəqiqəlik çıxış üçün 3800 manatdan 8700 manatadək ödəniş etməlidilər. Ödənişli reklam yayacaq “Lider” kanalında isə 5 dəqiqəlik çıxışın tarifi 1600 - 8000 manat təşkil edir. Namizədlərin seçki kampaniyasının monitorinqi aşağıdakı halların aşkara çıxarmışdır: • Siyasi partiyalar namizədlərə təşviqat kampaniyası üçün vəsait ayrmamaları, Seçki Məcələsində bunun nəzərdə tutlmaması bu kampaniyada təşiqat materiallarının yayımı, efir vaxtından istifadə və qəzetlərdə verilən reklamların həcmi 2005 – cü il seçkiləri ilə müqayisədə xeyli azlıq təşkil edir; • Hətta Bakının rayonlarında və paytaxta yaxın ərazilərdə namizədlərin şəkillərinin yapışdırılması üçün ayrılmış lövhələrdə çox az sayda namizədin şəkilləri və platformaları asılıb; • Seçicilərlə görüşlər də əvvəlki seçkilərdən fərqli olaraq çox az sayda keçirilir AVCIYA Seçki Qərargahı 2010-cu il noyabrın 7 – nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı KİV-lərdə dərc olunmuş yazıların monitorinqini keçirib. Monitorinq 01 iyuldan – 29 oktyabra qədər 5 qəzetin ( “Yeni Müsavat”, “Azadlıq”, “Azərbaycan”, “525-ci qəzet”, “Zerkalo” ), 5 telekanalın (İTV, Xəzər, Az.TV, ANS, “Lider”) xəbərlər blokunu, 2 radio (Azadlıq, Radio Anten) və 3 İnternet resursunu (APA, Lent.az və Qafqzinfo.az) əhatə edir. Monitorinqləri keçirmək meyyarları dəyişməzdir. Qəzetlər Seçki Məcəlləsinin KİV-in fəaliyyəti ilə bağlı maddələrə, “KİV haqqında” Qanuna və jurnalistlərin peşə əxlaqı kodeksinə əsasən seçki prosesində iştirak edirlər. Ümumiyyətlə əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq monitorinq müddətində 5 qəzetdə seçkilərlə bağlı 1296 yazı verilmişdir. O cümlədən: • “Azərbaycan” qəzetində - 209 • “Yeni Müsavat” qəzetində - 546 • “Azadlıq” qəzetində - 474 • “525-ci qəzet”də - 118. (Bundan başqa avqustun 19 – dan başlayaraq 2 noyabra qədər hər həftənin 4 – cü günü qəzetin bir səhifəsi AVCİYA – nın Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini əks etdirən yazılar dərc olunub ( Bu günə qədər 11 səifəlik material). • “Zerkalo” - 47 5 telekanal (İTV, Xəzər, ANS, “Lider”) içərisində İTV seçkilərə daha çox vaxt ayırıb. Digər seçki xəbərləri ilə yanaşı namizədlərin hər birinə 4 dəqiqə efir vaxtı ayırmaqla (719 x 4 =2876 dəqiqə) bu kanal əvvəlki seçkilərdə olduğu kimi digər kanallardan köklü surətdə fərqlənib. “Lider” TV əvvəlki seçkilərdə olduğu kimi seçki maarifçiliyi və rəsmi xəbərlərin yayımı baxımından digər kanallardan fəallığı ilə seçilmişdir. Telekanalların xəbər blokunun monitorinqi nəticəsində aydın olmuşdur ki, ANS parlament seçkiləri ilə bağlı operativ və tərəfsiz xəbərlərin verilməsi ilə diqqəti cəlb etmişdir. Bələdiyyə seçkilərindən fərqli olaraq “Xəzər” TV Milli Məclisə seçkilər ərəfəsi seçki mövzusuna nisbətən az vaxt ayırmışdır. İnternetlə yayımlanan “Obyektiv.tv” də parlament seçkiləri ərəfəsi öz fəallığı ilə seçilib. Azadlıq radiosu parlament seçkiləri ərəfəsi müxtəlif mövqeli ekspertlərin debatının təşkili baxımından digər radiolardan fərqlənmişdir. Təşviqat kampaniyası zamanı radio mütəmadi olaraq parlament seçkiləri mövzusunda verlişlər təşkil etmişdir. Bundan başqa İctimai radio və Radio Anten də seçkilər mövzusuna xüsusi diqqət vermişlər. 3 İnternet resursununun (APA, Lent.az və qafqazinfo) parlament seçkiləri ilə bağlı informasiyalara xüsusi diqqət ayırsalar da, APA onlar arasında liderlik etmişdir. Bu il namizədlərin əvvəlki seçkilərdən fərqli olaraq internet resurslarından daha çox istifadə etmələri, daha çox sayda təbliğat materiallarının, hətta namizədlərin şəkillərinin yerləşdirilməsini müsbət qiymətləndirmək olar. Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” layihəsini həyata keçirib. 11-17 oktyabr 2010-cu il tarixlərdə keçirilmiş monitorinq nəticəsində məlum olmuşdur ki, seçki ilə bağlı materiallar ümumi materialların 29,3 faizini təşkil etmişdir. Həftə ərzində seçki ilə bağlı gedən materialların janr xüsusiyyətləri də müxtəlif olub. Onlar arasında xəbər, müsahibə, məqalə, araşdırma, reportaj daha çox üstünlük təşkil edib. Monitorinqi aparılan qəzetlərin seçki ilə bağlı materiallarında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının pozulmasına dair həftə ərzində 141 fakt qeydə alınıb. Bunlardan 112-si gündəlik qəzetlərin, 29-u həftəlik qazetlərin payına düşüb. Monitorinq zamanı aydın olub ki, seçki ilə bağlı materiallarda qanun pozuntularına da rast gəlinir. 12 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib. Monitorinq zamanı o da müəyyən edilib ki, 12 materialdan 7-də birbaşa difarmasiya (cinayət hüququ baxımdan pozuntu) mövcuddur. Bunlar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan), 148 (təhqir) maddələrinin habelə 283-cü maddəsinin (milli, irqi, dini ayrıseçkiliyin yolverilməzliyi) pozulması faktı kimi qiymətləndirilə bilər. Digər 5 materialda isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır. Nəticələr və tövsiyyələr • 2013 – 2015 – ci illərdə keçiriləcək növbəti prezident, bələdiyyə və Milli Məclisə seçkilərdə seçki rəqabətinin və seçki təşviqatının daha fəal və geniş olması üçün maarifçilik işlərinin genişləndirilməsinə və seçici fəallığının artırılmasına ciddi ehtiyac var; • Beynəlxalq təşkilatlarla, o cümlədən Venesiya Komissiyası ilə gələcəkdə də əməkdaşlığın davam etdirilməsi ölkədə vətəndaş cəmiyyəti quruculuğuna, daha demokratik və ədalətli seçkilərin keçirilməsinə müsbət təsir göstərə bilər; • İctimai nəzarətin gücləndirilməsi üçün KİV, QHT – lərlə yanaşı sadə vətəndaşların fəallığının daha da artırılması, QHT - hökumət əməkdaşlığının daha da genişləndirilməsi məqsədəuyğundur; • MSK- nın qərarı əsasında bəzi namizədin pozulmuş hüquqlarının bərpası müsbət hal olsa da, fikrimizcə namizədin hüquqlarını pozmuş DSK – lar barədə heç bir tədbir görülməməsi düzgün deyil ; • MSK - ya daxil olmuş 298 müraciətin bir hissəsi haqqında qəbul edilmiş qərarlarda “qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçiyə geri göndərilmişdir” kimi fikirlərə rast gəlinir. Bu problemi aradan qaldırmaq üçün “Seçki Məcəlləsi”ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsi məqsədəuyğundur; • Seçici imzalarının toplanması və müşahidəçilərin qeydiyyatdan keçməsi prosesində mövcud olan bəzi texniki problemlərin gələcəkdə baş verməmsi üçün xarici pasportlarda və sürücülük vəsiqələrində olduğu kimi vətəndaşların şəxsiyyət vəsiqələrində də etibarlılıq müddətinin göstərilməsi məqsədəuyğundur; • Namizədlərin siyasi partiyalar tərəfindən irəli sürülməsi və qeydiyyatı prosedurlarının gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var. Prosedurların nisbətən mürəkkəb olması bir sıra pariya üzvləri namizədliklərini fərdi qaydada irəli sürməsinə səbəb olur. Gələcəkdə Seçki Məcəlləsində bu prosedurun sadələşdirilməsi zəruridir; • Gələcəkdə seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilərək onların siyasi partiyaların nəzarətindən çıxarılması, komissiyaların müstəqil şəxslərdən, birpilləli test imtahanının nəticələri əsasında təşkil edilməsi məqsədəuyğundur; • Bəzi MnSK - larda müşahidəçiləri üçün yerlərin düzgün seçilməməsi narahatlıq doğurur. MSK və DSK - ların bu problemi qısa bir müddətdə həll etməsinə ehtiyac var; • Hazırda Milli Məclisdə deputat olan 122 nəfərdən, 98 nəfəri yenidən namizədliklərini irəli sürüb. Azərbaycan Respublikası Konstitusiyanın 87-ci maddəsinin I bəndində göstərilib ki, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclası günü bitir. Təşviqat kampaniyası başlandıqdan sonra Milli Məclis iclaslarının davam etməsi və bunu nəticəsində namizədliklərini təkrar irəli sürmüş deputatların KİV- də görünməsi digər namizədlər tərəfindən onların hüquqlarının pozulması kimi qiymətləndirilir. Gələcəkdə bu cür halların olmaması üçün təşviqat kampaniyası başlanana qədər Milli Məclis iclaslarının başa çatdırılması problemin həllinə kömək edə bilər; • Namizədlərin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanundan daha səmərəli istifadəsi üçün qanunun tətbiqi praktikası üzərində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir; • Demokratik seçkilər sahəsində beynəlxalq tərcübənin vətəndaşlar arasında geniş yayılmasına, xüsusilə regionlarda bu işə diqqətin artırılmasına böyük ehtiyac var və s. |
AVCIYA.AZ










