Ana Səhifə et | Seçilmişlərə əlavə et | Son Xəbərlər :
|
“AZƏRBAYCANDA 2010-CU İL PARLAMENT SEÇKİLƏRİ: DAHA DEMOKRATİK, DAHA ŞƏFFAF”
Layihələr / (20 Aprel 2010, 16:04)
BAKIDA “AZƏRBAYCANDA 2010-CU İL PARLAMENT SEÇKİLƏRİ: DAHA DEMOKRATİK, DAHA ŞƏFFAF” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLIBAprelin 16-da Bakıda “Avropa” mehmanxanasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni Üfüqlər” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans keçirildi. Prezident Administrasiyasının məsul şəxslərinin, Milli Məclis deputatlarının, Avropa Parlamentinin, Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasının üzvlərinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilər üzrə ekspertlərinin, habelə siyasi partiya rəhbərlərinin, QHT və KİV-lərin nümayəndələrinin də qatıldıqları konfransda cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinin təşkili, bu zaman beynəlxalq təcrübənin və beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması istiqamətində müzakirələr aparıldı. Konfransda əvvəlcə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun təklifi ilə təyyarə qəzasında həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin və yüksək səviyyəli nümayəndə heyətinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra natiq qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik inkişaf yoluna qədəm qoymuş və ötən dövrdə ölkədə müxtəlif istiqamətli seçkilər keçirilmişdir. Bu seçkilər beynəlxalq təsisatlar tərəfindən də izlənilib, proses başa çatdıqdan sonra bu institutlar tərəfindən rəy və təkliflər səsləndirilib. Həmin rəylərdə Azərbaycanın hər seçkidən sonra irəliyə doğru addımlar atdığı, ədalətli, demokratik və şəffaf seçkilər istiqamətində uğurları qeyd edilib. Natiq ümid etdiyini bildirmişdir ki, qarşıdan gələn parlament seçkiləri də bu ənənələri pozmayacaq və Azərbaycan xalqı daha demokratik seçkilər keçirəcəkdir. V.Əlibəyov həmçinin qeyd etmişdir ki, konfransın təşkilində məqsəd Azərbaycanda seçkilərlə bağlı formalaşmış ictimai rəyi toplantı iştirakçılarının nəzərinə çatdırmaqdan və beynəlxalq təşkilatların ekspertlərinin məsələ ilə bağlı fikirlərini öyrənməkdən ibarətdir. Konfransın aparıcısı, Fransanın “Avrasiya-Yeni Üfüqlər” təşkilatının və konfransın prezidenti Tyeri Mariani yüksək səviyyəli ekspertlərin iştirakı ilə keçirilən tədbirdə aparılacaq müzakirələrin zəngin olacağını və gələcək fəaliyyətə müsbət təsir edəcəyinə əmin olduğunu bildirdi. Son illər Azərbaycanın bir sıra sahələrdə, o cümlədən seçkilərin təşkili və keçirilməsində müvəffəqiyyətlər əldə etdiyini vurğuladı. T.Mariani payızda keçiriləcək parlament seçkilərinin də demokratik və ədalətli keçiriləcəyinə inandığını qeyd etdi. Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkənin ictimai-siyasi həyatı, siyasi sistem, idarəetmə, seçki təcrübəsi, Azərbaycanın regiondakı geosiyasi mövqeyi ilə bağlı ətraflı məlumat verdi. Şöbə müdiri qeyd etdi ki, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycan demokratik prinsipləri əsas tutur, parlamentdə onlarla partiya təmsil olunur, Prezident xalq səsverməsi yolu ilə seçilir. Azərbaycanda Avropa standartlarına uyğun məhkəmələr formalaşmışdır. Əli Həsənov daha sonar dedi: “Azərbaycanda siyasi partiyalar, QHT-lər, mətbuat orqanları fəaliyyət göstərir, yerli özünüidarəetmə orqanları olan bələdiyyələr formalaşmışdır. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsi qəbul edilmişdir. Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib-seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”. Şöbə müdiri onu da xüsusi vurğuladı ki, Azərbaycan cəmiyyəti dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır. Sonra konfrans işini sessiyalarda davam etdirdi. “Azərbaycanda seçki praktikası” mövzusunda keçirilən konfransın birinci sessiyasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, ATƏT DTİHB-nin baş məsləhətçisi Conatan Stoun Stret, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman məruzələrlə çıxış edərək ölkədə əvvəllər keçirilmiş seçkilər zamanı müşahidə etdikləri məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Məruzələr ətrafında aparılan müzakirələrdə Azərbaycanın demokratik, ədalətli və şəffaf seçkilərin təşkilində və keçirilməsində böyük təcrübə qazandığı, məruzələrdə səslənən fikir və təkliflərin ölkədə seçki prosesinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyəti vurğulandı. Fasilədən sonra keçirilmiş növbəti sessiyada “2010-cu ilin parlament seçkilərinin təkmilləşdirilməsi: müxtəlif prizmalar” mövzusunda müzakirələr aparıldı. Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “2010-cu ilin parlament seçkilərinin qanunverici əsasları”, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov “Seçki qanunvericiliyinin praktiki şəffaflıq resursları”, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Demokratik seçki mühitinin formalaşdırılması istiqamətində partiyaların fəaliyyəti”, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Azərbaycan Respublikasının seçki qanunvericiliyinin dinamikası” adlı məruzələrlə çıxış etdilər. Sonra hər bir çıxış ətrafında geniş müzakirələr aparıldı. Konfransın üçüncü sessiyası “Müasir dünyada seçki praktikaları” mövzusuna həsr olunmuşdu. Bu sessiyada ispaniyalı senator, Parlamentlərarası İttifaqın üzvü Luis Fraqa İspaniyanın, Avropa Parlamentinin üzvü, bolqarıstanlı deputat Metin Kazak Bolqarıstanın, Kreyn qrupunun prezidenti Deniel Kreyn ABŞ-ın seçki modellərinin xüsusiyyətləri barədə məruzələrlə çıxış etdilər. Müzakirələrdə hər bir ölkənin seçki sisteminin onun yerli xüsusiyyətləri nəzərə alınaraq hazırlandığı, məhz həmin ölkədə ədalətli seçkilərin təşkilinə xidmət etdiyi, aparılan təcrübə mübadiləsinin isə ümumi əhəmiyyətə malik olduğu qeyd edildi. Sonda konfransın qətnaməsi qəbul edildi. Qətnamədə bildirilir ki, konfrans iştirakçıları Azərbaycan hakimiyyətini həyata keçirilməkdə olan islahatları davam etdirməyə çağırır, bütün siyasi partiyaların qarşıdan gələ parlament seçkilərində iştirak edəcəyinə ümid edir və Azərbaycan hakim dairələrini azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına dair səylərini davam etdirməyə dəvət edir. Qətnamədə bütün beynəlxalq təşkilatlar və institutlar BMT-nin qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verməyə çağırılır və bildirilir ki, Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ konflikti Cənubi Qafqaz regionunda stabilliyi pozan faktor olaraq qalır və bu konfliktin həll edilməməsi ölkənin demokratik islahatlarına mane olur. Beynəlxalq konfransda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri, millət vəkilləri, seçki üzrə ekspertlər, Mərkəzi Seçki Komissiyasının üzvləri, QHT rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər. |
AVCIYA.AZ










BAKIDA “AZƏRBAYCANDA 2010-CU İL PARLAMENT SEÇKİLƏRİ: DAHA DEMOKRATİK, DAHA ŞƏFFAF” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLIB