İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər mayın 30-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadizdəki “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Media nümayəndələrinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmış və dağıdılmışdı. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad edilib. Lakin həmin ərazidəki Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan sakinlər Cocuq Mərcanlı kəndinə qayıda bilməyiblər.

2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Kənd qısa müddətdə bərpa olunub və sakinlərin bir qismi ora köçürülüb.

KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna qayıdıb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradılıb. Bu il qarğıdalı, şəkər çuğunduru və sair bitkilər əkilib. Kənddə istixana və heyvandarlıq komplekslərinin, həmçinin istehsal müəssisələrinin də yaradılması nəzərdə tutulur.

Jurnalistlərə, həmçinin məlumat verilib ki, kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi başa çatıb. Yaxın günlərdə buraya Cocuq Mərcanlı kəndindən olan digər sakinlər köçürüləcək.

Qonaqlar məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə gəlib, orada namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılaraq məhv edilib. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olunub və bu, rəmzi məna daşıyır.

İndoneziyalı media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişəti və qayğıları ilə bağlı sualları cavablandırılıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, minlərlə insan öldürülüb və yaralanıb. İşğal edilmiş ərazilərdəki bir milyondan çox azərbaycanlı əhali öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib.

İndoneziyalı jurnalistlər sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıb, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, rəhbəri olduğu qurumun əsas məqsədi İslam ölkələri arasında əlaqələri bərpa etmək və gücləndirməkdir. Düzgün informasiyalar yayılmasını təmin etmək üçün ilk növbədə İslam ölkələri jurnalistləri ilə əlaqələr yaradılır. İndiyədək Misir, Sudan, Pakistan və digər ölkələrdən olan jurnalistlərin Azərbaycana səfərləri təşkil edilib. Budəfəki səfərdə isə İndoneziyanın tanınmış media nümayəndələri təmsil olunur. Onlar Cocuq Mərcanlıya gəlməklə burada qısa müddətdə baş verən dəyişiklikləri öz gözləri ilə görüblər.

ANTARA informasiya agentliyinin nümayəndəsi Bambang Purvanto səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycan düşündüyümdən də gözəldir. Getdiyimiz bütün yerlərdə inkişafın, infrastrukturun yenilənməsinin, quruculuq işlərinin şahidi olduq. Bütün bunlar xalqın xoşbəxt gələcəyinə yönəlib. Ölkənizdəki inkişaf bütün dünyaya çatdırılmalıdır. Biz ümid edirik ki, Azərbaycanla İndoneziya arasında əlaqələr daha da güclənəcək”.

İndoneziyadan olan digər jurnalist Nia Amira isə fikirlərini belə ifadə edib: “Mən iki ildir ki, İndoneziyada Azərbaycanı tanıdıram, əsasən Qarabağ haqqında yazıram. Həmçinin Qarabağ əhalisi, Qarabağ atları haqqında şeirlər də yazmışam. Cakartada İslam Universitetində Xocalı faciəsi ilə bağlı seminar təşkil etmiş, film nümayiş etdirmişəm. Ümid edirəm ki, Qarabağ torpaqları işğaldan azad olunar və insanlar öz doğma yurdlarına qayıdaraq orada xoşbəxt həyat yaşayarlar”.