İSGƏNDƏROV Famil İsgəndər oğlu

POLOVİNKO Ruslan Aleksandroviç
SƏFƏROV Cəlil Əziz oğlu
QASIMOV Muxtar Cahid oğlu

İSGƏNDƏROV Famil İsgəndər oğlu (15.5.1975, Bakı ş. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə Bakının Binəqədi rayonundakı 157 saylı orta məktəbi bitirmişdir. Famil orta məktəbi bitirdikdən sonra 6 ay Gəmi Təmiri Zavodunda işləmişdir. 1993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına çağırılmışdır. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra birbaşa cəbhəyə göndərilmişdir. Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdır. Cəsur döyüşçü  müalicə olunduqdan sonra hərbi hissəyə qayıdır. Bu dəfə o, 776 saylı hərbi hissədə xidmət edir.

1995-ci ilin mart ayı… Torpaqlarımızın bir hissəsini itirdiyimiz çətin vaxtda bir qrup vəzifə, mənsəb, hakimiyyət hərisi dövlətçiliyimizə qarşı hədə-qorxu gəlirdi. Bunun qarşısı tez bir zamanda alınmalı idi. Dövlət çevrilişinə cəhd edən dəstədən bir neçə dəfə silahı yerə qoymaq, təslim olmaq tələb olundu. Lakin heç bir nəticə alınmadı. Milli Ordunun əsgərləri əməlliyata başlamalı oldu. Bu qarşıdurmada Famil İsgəndərov da iştirak edirdi. O, 1995-ci il martın 17-də öz döyüş yoldaşını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Oxuduğu 157 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Dağıstan Muxtar Respublikası Qasımkənd rayonunun Uluqadağ kəndindəki orta məktəbə də F.İsgəndərovun adı verimişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 142