İSMAYILOV Etibar Bəylər oğlu

ƏHMƏDOV Mübariz Əlizadə oğlu
KARLOV Yevgeni Nikolayoviç
ALLAHVERDİYEV Bəxtiyar Əzizulla oğlu

İSMAYILOV Etibar Bəylər oğlu (29.3.1964, Ağcabədi r-nunun Hindarx k. – 4.1.1994, Xocavənd r.) – Azərbaycanın Milli Qəhrəmanı (5.1.1994, ölümündən sonra).

29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində əmək fəaliyyətinə başlamışdır. Çilingər idi. O, az müddətdə kollektivin dərin hörmətini qazanmışdı. Hərbi xidmət vaxtı çatanda ordu sıralarına yollanır. O iki illik əsgəri xidmətini başa vurub Azərbaycana dönür. Öz peşəsində əmək fəaliyyətini davam etdirir.

Etibar İsmayılov 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. Bir neçə özünümüdafiə taborunda döyüşdükdən sonra Ağdam özünümüdafiə batalyonuna daxil olur.

O, Naxçıvanik, Şelli kəndlərinin müdafləsində xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərdi. E. İsmayılov Ağcabədi özünümüdafıə taboru yaradılanda öz həmyerliləri kimi bu tabora qoşuldu. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Etibar tez-tez kəşfıyyata gedir, mühüm məlumatlarla geri qayıdardı. Strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi.

4 yanvar 1994-cü il… Kəşfıyyat qrupu xüsusi tapşırıq almışdı: Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Onlar böyük çətinliklə düşmən postlarına yaxınlaşdılar. Birdən bir dəstə erməni ilə üz-üzə gəldilər. Atışma başladı. Bu vaxt qarşıdan bir düşmən tankı göründü. Əməliyyata yollanan kəşfıyyat dəstəsi mühasirəyə düşdü. O, vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarına geri çəkilməyə əmr edir, özü isə axırıncı qumbaranı əlində bərk sıxaraq düşmən tankının altına atılır… Tankı və onun ekipajını məhv edən cəsur döyüşçü yoldaşlarının mühasirədən çıxmasına imkan yaratdı. Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Cəsədi döyüş meydanında qalmışdır.

Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 143