KƏRİMOV Kazımağa Mövsüm oğlu

QƏHRƏMANOV Fariz Çoban oğlu
ƏKBƏROV Rövşən Telman oğlu
ƏLİYEV Yunis Əsgər oğlu

(1.9.1951, Qubadlı r-nunun Sarıyataq k. – 15.6.1992, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (23.6.1992, ölümündən sonra).

1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində doğulmuşdur. Qara İlyasov adına Qubadlı şəhar orta məktəbini bitirdikdən sonra rayonun “Avanqard” qazetinin mətbəəsində yığıcı işləmişdir.
1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Kazımağa Kərimov təhsil illərində həm respublika, həm də rayon qəzetlərində maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra o, təyinatla “Azərbaycan məktəbi” jurnalına göndərilir. Lakin həyatında baş verən müəyyən problemlər onu öz sevimli peşəsindən ayrılmağa məcbur edir. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndini özünə yurd seçir. Ömrünün sonuna qədər də həyatını bu torpaqla, bu torpağın insanları ilə bağlayır. Az keçmir ki, o, Rayon Aqrar-Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur. Həvəslə çalışırdı. İşindən razı idi. Ancaq onun bu sakit həyatı uzun sürmədi, yaşıdları kimi, o da silaha sarılmalı oldu. 1991-ci ildə birinci Goranboy özünümüdafiə batalyonunun yaradılmasında xüsusi fəallıq göstərdi. Sonralar isə, Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda, batalyon komandirinin müavini təyin edildi. Universitetdə təhsil aldığı illərdə hərbi texnikanın sirlərinə müəyyən qədər bələd olan baş leytenant Kazımağa Kərimov qələmi silahla əvəz etdi. Beləcə Kazımağanın döyüş yolu başladı. Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətlə vuruşdu. Axırıncı döyüşü Meşəli ərazisində oldu. Əməliyyat bir saata başa çatmalı idi. Komandir müavini əsgərlərə son döyüş tapşırığı verdi. Onlar bu ərazini erməni işğalından azad etməli idilər. Elə bu vaxt sıx meşəlikdən ermənilər görünməyə başladı. Əsgərlər cəld silaha sarıldılar. Şiddətli döyüş başladı. Bir az sonra erməni quldurları tərksilah olunur. O, bu döyüşdə ayağından ağır yaralandı. Yoldaşları vaxt itirmədən, onu vertolyotla Bakıya yola salırlar. Lakin çoxlu qan itirdiyindən 15 iyun 1992-ci ildə Bakıda hospitalda dünyasını dəyişir.
Evli idi. Bir oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 150-151