Dağlıq Qarabağda separatçı qurumun “Aviasiya İdarəsi”nə treninqlər keçən və avadanlıq satan xarici şirkətlər, o cümlədən, Böyük Britaniyanın “British Aerospace” şirkətinin Xankəndi aeroportunda təyyarələrə texniki xidmət göstərəcəyi barədə məlumatlar araşdırılacaq. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) bildirilib. ADMAA-dan qeyd olunub ki, işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin inşa etdikləri Xankəndi aeroportu barədə əvvəllər səsləndirdiyi bəyanatlar dəyişməz olaraq qalır: “İşğal olunmuş Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Azərbaycan tərəfi bununla bağlı bəyanatlarını qüvvədə saxlayır və Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcək”.
Xatırladaq ki, ermənilər 2008-ci ildə Xocalı aeroportunun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb. ADMAA isə bəyan edib ki, rəsmi Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcək.
ADMAA tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı aeroportunda ermənilər tərəfindən qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məsələ son dəfə 2011-ci ilin dekabr ayında Avropa Mülki Aviasiya Konfransının (ECAC) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (İCAO) rəhbərliyinin diqqətinə çatdırılıb. /APA/