“Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyəti ilə çox yaxşı münasibətimiz var. Onlarla mütəmadi ünsiyyətimiz olur və hesab edirəm ki, insan hüquqları və demokratik islahatların aparılması sahəsində Azərbaycan rəsmləri ilə yaxşı əməkdaşlığımız olacaq. Buna çox böyük ümidim var”. Bunu APA-nın Avropa bürosuna açıqlamasında AŞPA sədri Jan-Klod Minyon deyib.
“Azərbaycan rəsmləri insan haqları ilə bağlı Avropa normalarına maraq göstərdiklərini daima nümayiş etdiriblər. Hesab edirəm ki, biz bu və ya digər məsələlərdə ümumi razılıqlara gələ biləcəyik”, - deyə Minyon bildirib.
Bu gün AŞPA Bürosunda Azərbaycanla bağlı müzakirələri dəyərləndirən Jan-Klod Minyon Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair müzakirələrin aparıldığını söyləyib: “Biz AŞPA Bürosunun bugünkü toplantısında Dağlıq Qarabağ üzrə Alt Komitənin sonrakı fəaliyyəti haqda müzakirələr apardıq və onun işinin davam etdirilib etdirilməməsinə dair hansısa bir qərarın verilməməsi qənaətinə gəldik. İstəyirik ki, bu məsələ ilə əlaqədar nə edə biləcəyimiz barədə düşünmək üçün bir qədər də vaxt qazanaq. Bu müddət ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də nəzər yetirəcəyik. Mənim Minsk Qrupuna həmsədr ölkələrin rəsmləri ilə şəxsi əlaqələrim də var və ilk növbədə onlarla hansı formada əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirmək üçün bir az da vaxt qazanmağa ehtiyacımız olduğu qərarına gəldik.”
AŞPA sədri Azərbaycana səfərinin mümkün olduğunu deyib: “Təbii ki, quruma məndən öncə sədrlik etmiş şəxs kimi bu qədər çox səfərlər etməyəcəyəm. Çünki cənab Çavuşoğlu AŞPA prezidenti qismində artıq bir çox ölkələrə səfər edib. Bu gün isə Büroda təklif etdim ki, səfərlər və onların məqsədləri ilə bağlı təqvim hazırlansın. Bu, həm mənim şəxsi səfərlərim, həmçinin nümayəndə heyətlərimizin etdiyi səfərlərə aid olacaq”. /APA/