
Türkiyə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu formatını dəstəkləyir. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə bu ölkənin xarici işlər naziri Əli Babacan bildirib.
Türkiyənin xarici işlər naziri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi olduqca çətin problemdir və bu problem yalnız danışıqlar yolu ilə həll oluna bilər.
Onun sözlərinə görə, problemin həlli üçün hiss olunacaq dərəcədə addımlar atmaq lazımdır və Türkiyə bu məsələdə Azərbaycanı dəstəkləməyə hazırdır.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşündə Ankaranın «Qafqazda stabillik və əməkdaşlıq platforması»nın yaradılmasına dair təşəbbüsü də müzakirə olunub. Tərəflər bu məsələ üzrə danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.
Nazirlər həmçinin, ölkələr arasında enerji əməkdaşlığı məsələsini müzakirə ediblər. Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Ərzrum qaz kəmərinin tikintisi layihələrinin reallaşdırılması üzrə səylərini fəallaşdırmaq niyyətindədir.
Türkiyənin xarici işlər naziri Babacan dünən Azərbaycana rəsmi səfərə gəlib. /Trend/