"Erməni tərəfinin Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirak edib-etməməsi onun fəaliyyət göstərib-gəstərməməsinə avtomatik təsir edə bilməz. Komitənin fəaliyyətə başlamasına, işinin dayandırılmasına yalnız AŞPA Bürosunda baxıla bilər". Bu açıqlamanı APA-ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Dağlıq Qarabağ üzrə Alt Komitənin bundan sonrakı fəaliyyətinə dair sualı şərh edən Səməd Seyidov bildirib ki, erməni tərəfinin komitənin işində iştirak etməməsi bu məsələnin AŞPA Bürosunda baxılması üçün səbəb ola bilər: "Alt Komitə artıq ilk iclasını keçirib və erməni nümayəndə heyətinin qatılmamasına baxmayaraq, hazırda işini davam etdirir. Alt Komitə Büro tərəfindən yaradılıb və ilk iclasını keçirib. İclasda komitənin sədri və üzvləri iştirak ediblər. Erməni tərəfi iştirak etməyib, bununla da Büronun qərarını rədd etmiş olub. Büronun qərarını rədd etməyin nə demək olduğunu qoy Avropa Şurası özü düşünsün və müvafiq qərar qəbul etsin. Lakin hələlik komitə mövcuddur və mən düşünürəm ki, işini davam etdirəcək".
Xatırladaq ki, 2011-ci ilin yanvarında AŞPA Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edib. İspaniyalı deputat Xordi Xukla i Kosta Alt Komitənin yeni sədri seçilib. /APA/