Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Hərbi qulluqçumuz şəhid olub
“Erməni əsarətində olan Ağdam” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev deyib ki, Xocalıya hücum ərəfəsində Rusiyanın o zamankı prezidenti Boris Yeltsinin razılığı ilə 16 erməni pilotuna 8 müxtəlif markalı vertolyot verilib.

N.Abdullayev bildirib ki, həmin vertolyotlar da 366-cı alayın tərkibinə verilib və Xocalıya hücum zamanı istifadə edilib. O, Xocalı qətliamında iştirak edənlərin erməni diasporu tərəfindən pul və qiymətli əşyalarla mükafatlandırıldıqlarını da qeyd edib: “Tarixdə heç bir cinayət cavabsız qalmayıb. Xocalı soyqırımının törədilməsində iştirak edənlər də beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər”.

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsi ilə bağlı daxildə düşmən axtarışının düzgün olmadığını söyləyib. Rusiya amilinə diqqət çəkən M.Zülfüqarlı qeyd edib ki, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycandan fərqli olaraq bu gün Ukrayna xalqına ABŞ və Avropa yardım edib: “Xocalı faciəsi, 20 Yanvar faciəsi baş verməyə bilərdimi? Azadlıq verilmir, alınır. Biz qürur duymalıyıq ki, belə xalqın övladlarıyıq”.

M.Zülfüqarlı Azərbaycan xalqının övladlarının torpaqlarının hər qarışı uğrunda mübarizə apardığını vurğulayıb: “Ancaq Rusiya Azərbaycan xalqının müstəqil olmamasına çalışırdı. Həm də Azərbaycanda hakimiyyətdə olan insanlarla xalq ayrı idi. Bu gün Ayaz Mütəllibov Xocalı soyqırımı abidəsini ziyarət edir. Ancaq o vaxt xalq ordunun yaranmasını tələb edirdi, hakimiyyətdəkilər isə bunu istəmirdilər. Bu gün müstəqil yaşamağımıza görə şəhidlərimizə borcluyuq. Hesab edirəm ki, Rusiya Ukraynada uduzduğu kimi Qarabağda da uduzacaq və biz torpaqlarımızı azad edəcəyik”.

“Qolos Karabaxa” qəzetinin baş redaktoru Qədir Nəsirov nəzərə çatdırıb ki, erməni yazar Davud Xeyriyan Xocalı hadisələri zamanı 1200 cəsədin üzərindən keçdiyini yazıb: “Xocalı soyqırımı zamanı 613 nəfər yox, daha çox insan qətlə yetirilib. Biz faktları niyə düzgün çatdırmırıq, gizləyirik?”