MƏHƏRRƏMOV Asif Yusif oğlu

QULİYEV Aqil Sahib oğlu
QULİYEV Mətləb Kamran oğlu
ƏLİYEV Rövşən Nəriman oğlu

MƏHƏRRƏMOV Asif Yusif oğlu (26.7.1952, Ağdam ş. – 1.7.1994, Yalta ş.) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992).

26 iyul 1952-ci ildə Ağdam şəhərində doğulmuşdur. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hüquqşünas olmaq istəyirdi. Ailələri böyük olduğu üçün həyat onu erkən yaşlarından işləməyə məcbur etmişdir. Ağdam dəzgahqayırma zavodunda fəhlə kimi fəaliyyətə başlamışdır. Asifi həyatda bu müqəddəs amallar yaşadırdı: Haqq, Ədalət, Namus, Qeyrət! Bəlkə, elə buna görə də həyat yolu o qədər də hamar olmadı. Ona həbsxana həyatı qismət oldu.

1971-ci il oktyabrın 31-də hərbi xidmətə getməli idi. Oktyabrın 30-da qohumları ilə görüşdükdən sonra, axşam dostlarıyla kinoya gedir. Kinoteatrda dava düşür. Haqqa havadarlıq edən Asifin özü haqsızlığın qurbanı olur və həbs edilir. Ona 2 il iş kəsilir. Bunun 9 ayını türmədə yatır. Qalan hissəsini məcburi əməklə əvəz edirlər. O, məcburi əməyi sürücü işləməklə yerinə yetirirdi. Təsadüf nəticəsində “təcili yardım” maşınını vurub qəza törədir. Onu yenidən həbs edirlər 3 il 8 ay. Cəzasını çəkdikdən sonra Ağdama gəlir. Yenə sürücü işləyir.

Ermənilərin 1988-ci ildə başlayan təcavüzünə qarşı Ağdam rayonunun Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində dayaq dəstələri yaradılırdı. Hərəkat böyüdükcə Asif Qarabağın digər rayonları ilə də sıx əlaqə saxlayırdı. 1990-cı ildə o, Ağdam könüllü özünümüdafıə dəstəsini yaradır və torpaqlarımızın qorunmasında yaxından iştirak edir. 1991-ci il noyabrın 15-də isə dövlət tərəfindən ilk könüllü tabor yaradılır.

1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində rəşadət göstərir. Xocalı faciəsi zamanı uşaq və qadınların xilas olunmasında canını əsirgəmir.

A.Məhərrəmov 1992-ci ilin mart ayının 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir.

10 mart 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. 1992-ci il martm 20-də öz dəstəsi ilə kömək məqsədi ilə Füzuli şəhərinə gedir və erməni quldurlarını böyük itkilərə məruz qoyur. 24 iyun 1992-ci ildə Naxçıvanik yolunda ağır yaralanır. Bir müddət müalicə olunur və yenidən cəbhəyə qayıdır. 1993-cü il fevralın 22-də Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cü il oktyabrın 27-də Asifın səhhəti ağırlaşır. O, hərbi hissəni təhvil verib müalicəsini davam etdirmək məcburiyyətində qalır. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant A.Məhərrəmov həmin il iyulun 1-də vəfat edir.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. “General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdü.

Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına küçə var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 188-189