MƏMMƏDOV Sahil Ələmdar oğlu

MİRZƏYEV Şirin Vəli oğlu
HÜSEYNOV Rövşən Şəmil oğlu
ALLAHVERDİYEV Namiq Müslüm oğlu

MƏMMƏDOV Sahil Ələmdar oğlu (25.2.1964, Qərbi Azərbaycanın Uluxanlı (Masis) r-nunun Yuxarı Necili (Nizami) k. – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992).

 1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə onuncu sinfi bitirmişdir. 1982-ci ildə ordu sıralarına çağırılmışdır.            1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətini başa vuraraq, SSRİ DİN-nin Sankt- Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev            şəhərinə göndərilir. Burada o, Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışmağa başlayır. O, Azərbaycanda baş verən hadisələrlə bağlı çox səthi, əksər hallarda yanlış məlumatlar alırdı. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xəbəri onu            bərk həyəcanlandırır.Valideynlərinin taleyini düşünür, bərk nigarançılıq keçirir. Mart ayında məzuniyyət götürüb, doğma yurdu Nizami kəndinə gedir. Valideynlərini təcili Bakıya yola salıb, Kiyevə qayıdır. Azərbaycana göndərilməsi haqqında rəhbərliyə bir neçə dəfə müraciət edir. Lakin müraciəti cavabsız qalır. 1991-ci ilin oktyabrında Sovet Ordusu sıralarından tərxis olunmağı barədə raport yazır. 1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DIN-nin Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi xidmətə başlayır. Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq cəbhə bölgəsinə göndərilməsini istəyir. Çox keçmir            ki, Sahil Məmmədovu Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərinə zastava rəisi təyin edirlər. Düşmən Qazançını zəbt etmək üçün hücümlara ara vermirdi. Milli Ordumuzun əsgərləri bu hücumların qarşısını məharətlə alırdı.

Ermənilər növbəti dəfə bütün gücünü toplayaraq hücuma keçdilər. Bu dəfə də güclü müqavimətlə qarşılaşdı və çoxlu itki verərək geri çəkildi. Qazançı kəndi ara vermədən raket və top atəşinə tutulurdu. Mərmilərdən biri cəsur komandirin yanında partladı. O, sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu döyüş meydanından çıxarıb Bakıya – mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi-cəhdi nəticəsində o, elə bil dünyaya yenidən gəldi.

1994-cü ildən polkovnik-leytenant Sahil Məmmədov DİN-nin Pasport, Viza və Qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışır.

Ailəlidir. Bir övladı var.

Azərhaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 204-205