MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib

31 mart soyqırımının 100-cü ildönümü ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilib
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
Bakıda “Monex Caspian” sammiti işə başlayıb

MDB-nin iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik müddətinə sədrliyi Azərbaycan tərəfi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) həyata keçirəcək. Bu müddətdə Azərbaycan MDB məkanında əmək, məşğulluq, sosial müdafiə sahəsində fəal təcrübə və məlumat mübadilələrinə əsaslanan qarşılıqlı faydalı əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək.

Trend-in məlumatına görə, MDB ölkələri üçün məşğulluq, əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların tətbiqi şəraitində idarəçiliyin optimal və səmərəli nəticələrə yönəlik mexanizmlərinin formalaşdırılması, əhaliyə xidmətlərin elektron infrastruktur əsasında, innovativ yanaşmalar üzərində şəffaf və operativ təşkili, məşğulluq xidmətlərinin səmərəliliyinin və əhatəliliyinin artırılması və aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet istiqamətlərdir. Eyni zamanda, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi, həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin kiçik biznesə çıxışının dəstəklənməsi yolu ilə onların rifah halının yaxşılaşdırılması aktuallıq kəsb edən fəaliyyət sahələrindəndir. Bununla bərabər, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarına nəzarət və bu sahədə tənzimləmə sahəsində effektiv mexanizmlərin hazırlanması və tətbiqi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əməyin mühafizəsi və s. də hazırda MDB ölkələrinin sosial gündəliyində yer tutan vacib məsələlərdir.

Bütün bu istiqamətlərdə fəal təcrübə və məlumat mübadilələri şəraitində MDB dövlətlərinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan tərəfi əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik sədrliyi çərçivəsində ardıcıl və məqsədyönlü işlərin aparılmasını təmin edəcək.

Trend.az