Miroslav Layçak: BMT Azərbaycanla əlaqələrə önəm verir

Qaragöl şivəni və icra olunmayan Sərsəng qətnaməsi
ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub
Türk Şurasının Zirvə görüşünün koronavirusa həsr olunması böyük hadisədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransı çərçivəsində BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Layçak Slovakiya xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayaraq, bu illər ərzində Azərbaycanın bütün sahələrdə inkişafının təqdirəlayiq olduğunu vurğuladı və yenidən ölkəmizdə olmaqdan məmnunluğunu ifadə etdi. O, həmçinin Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı toplantısının yüksək səviyyədə təşkilini qeyd etdi.

Tərəflər Azərbaycan-BMT əlaqələri barədə geniş fikir mübadiləsi apardılar və münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər. E.Məmmədyarov Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini vurğuladı və bu xüsusda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Şuraya sədrlik dövründə fəaliyyəti barədə danışdı. O, həmçinin ölkəmizin BMT-nin ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi.

M.Layçak BMT-nin fəal üzvü kimi təşkilatın Azərbaycanla əlaqələrə önəm verdiyini və münasibətlərin dərinləşməsində Azərbaycanın səylərinin, BMT-nin təşəbbüsü ilə təşkil olunmuş qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu, eləcə də gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb etdiyi halda, Ermənistanın bu tələblərə əməl etmədiyini və güc tətbiq edərək Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini vurğuladı.

Görüşdə BMT Baş Assambleyasının gündəliyində duran məsələlər, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.