Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

AVCİYA-nın vitse-prezidenti Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib
AVCIYA regionlarda seminarlara başladı
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

AVCİYA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbiri Azərbaycanın tanınmış şairi, SAMF-in sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin ədəbiyyatımızda tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışmış, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd etmişdir.

Musa Yaqub AVCİYA-nın rəhbəri, Milli Məclisin Şamaxıdan seçilmiş deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Ə.Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M.Ə.Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar Kollecinin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirmişdir.

SAMF-in sədri bildirmişdir ki, hər iki təşkilatın təşkilatçılığı ilə Şamaxıda M.Ə.Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilmişdir. Bu il martın 1-də başlanan müsabiqə mayın 24-də yekunlaşmışdır. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə öz bacarıqlarını nümayiş etdirmişlər. Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırmışdır.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov tədbirin rayonun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təmsilçisi Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına AYB-in sədri, Xalq Yazıçısı Anarın təbriklərini çatdırmış, bu xeyirxah missiyanın davamlı olmasını arzulamışdır.

Mirzə Ələkbər Sabir nəslinin nümayəndəsi, şair Musa Ələkbərli M.Ə.Sabir irsinə hörmət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Münsiflər heyətinin sədri, Xalq Artisti Tofiq İsmayılov demişdir ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak etmişlər. Final turuna 61 nəfərin qatıldığı müsabiqədə 10 iştirakçı qalib adını qazanmışdır. Günay Məmişova, Ruslan Məmişov 1-ci, Lamiyə Mirzəyeva, Zərəfşan Kərimova, Afaq Qarayeva 2-ci, Elnarə Pənahova, Nəzrin Əfəndiyeva, Nuranə Heybətova, Elcan Məcdunov, Tərlan Məmmədov isə 3-cü yerlərə layiq görülmüşlər.

Bədii qiraət ustası, Əməkdar Artist Ağalar Bayramov qalibləri təbrik etmişdir.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov çıxış edərək M.Ə.Sabir şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat vermiş, belə müsabiqələrin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, onların elmə, təhsilə marağının artması üçün vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır. AVCİYA prezidenti qaliblərə uğurlar arzulamış, onlara pul mükafatı, kitablar və diplomlar təqdim etmişdir. Bununla yanaşı, 10 nəfər qalibin hər birinə M.Ə.Sabirin 150 illik yubileyinədək hər il 50 manat olmaqla təqaüd veriləcəyini bildirmişdir.

Elxan Süleymanov demişdir ki, rəhbərlik etdiyi təşkilat SAMF ilə birlikdə M.Ə.Sabir yaradıcılığına həsr olunmuş ümumrespublika bədii qiraət müsabiqəsinə start vermişdir. Artıq bununla bağlı təşkilat komitəsi yaradılmışdır. Müsabiqənin yekun turu 2012-ci ilin mayında Şamaxıda keçiriləcəkdir.