Münasibətlərin yaxşılaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər

Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
Azərbaycanın siyasi partiyaları dövlət büdcəsindən nə qədər vəsait ayrılmasında maraqlıdırlar — SORĞU
Prezident İlham Əliyev: ““Nabucco” layihəsi ilə bağlı Rusiya tərəfdən Azərbaycana heç bir təzyiq olmayıb”

“Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması yalnız Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması şərtilə Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər”, – ekspertlər hesab edir.
“Türkiyənin rəsmi şəxsləri nəinki Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin ciddiliyini vurğulayır, həm də Azərbaycanın prioritetlərinə tam riayət etməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş səylərini davam etdirirlər”, – Cənubi Qafqaz ölkələri üzrə ekspert Liçinia Simao hesab edir.
Çərşənbə günü Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan və Türkiyənin mövqeləri dəyişməz qalır. Bu haqda Türkiyənin “İhlas” agentliyi xəbər verib.
“Qarabağ məsələsində biz, prosesi Azərbaycan tərəfi ilə eyni istiqamətdə davam etdiririk”, – o deyib.
Sabiq SSRİ ölkələri olan Ermənistan və Azərbaycan ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ vilayəti üzündən rəsmən müharibə şəraitindədirlər. Öz-özünü respublika elan etmiş, əslində isə Ermənistan tərəfindən elan edilmiş respublikaya dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ərazisi kimi baxılır. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsində 35 min nəfər dünyasını dəyişib, Azərbaycanın 20% ərazisi – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edilib və hal-hazırda da Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalmaqdadır.
1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək beynəlxalq vasitəçilərin köməyi ilə nəticəsiz sülh danışıqları aparır. Silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq atışmalar baş verir.
Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma “soyqırım”ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.
Müşahidəçilərin fikrincə, İrəvanın ümid etdiyi erməni-türk münasibətlərinin yaxşılaşması, yalnız Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması şərtilə Dağlıq Qarabağ münaqişəsinin həlli halında mümkün ola bilər.
“Ermənistanla münasibətlərinin yaxşılaşması üçün Türkiyənin bir sıra tələbləri var ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması şərtilə həlli də bura daxildir. Problem həll olunmamış bu münasibətlər qurula bilməz”, – Qafqaz üzrə türkiyəli ekspert Kamer Kasım qeyd edib.
“Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan həllini taparsa, Ankara Ermənistanla münasibətləri bərpa etməyəcək, çünki sərhədlər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması səbəbindən bağlanmışdı”, – Trend News-a Ankaradan telefonla “Usak” beynəlxalq strateji tədqiqatlar mərkəzinin eksperti Kasım deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ilə bağlı Bakı və Ankara arasında çox dəqiq razılaşma var və İrəvan tərəfindən bu razılaşmaya riayət olunmayacağı vaxta qədər Türkiyənin özü Ermənistanla münasibətlərin bərpasına getməyəcək. “Türkiyə Azərbaycanın ziyanına olaraq Ermənistana münasibətlərin yaxşılaşdırılmasını təklif etməyəcək. Çünki Azərbaycan münaqişənin həllində vacib fiqurdur”, – Kasım bildirib.
Azərbaycan parlamentinin millət vəkili Asim Mollazadənin fikrincə, Türkiyə hökumətinin bəyanatlarına uyğun olaraq, erməni qoşunlarını Azərbaycan ərazisindən çıxarılmamış Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasından söhbət gedə bilməz.
“Yaxınlarda Ankarada olmuşam və orada Türkiyənin iqtidar partiyasının nümayəndələri yüksək səviyyədə bildirdilər ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləyir”, – Trend News-a Demokratik İslahatlar partiyasının rəhbəri Mollazadə deyib.
Onun fikrincə, Bakı Türkiyə rəhbərliyinin Ankaranın əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsini həllinə kömək etməyə çalışması haqda verdiyi sözə arxalanmalıdır. “İşğal olunmuş ərazilərdən qoşunlar çıxarılmayana qədər – bu Ermənistanın yerinə yetirməli olduğu ən əsas addımdır – münaqişənin həllində irəliləyiş olmayacaq”, – Mollazadə bildirib.
Simao hesab edir ki, Azərbaycanla davam edən münaqişə çoxlu çətinliklər yaradır və İrəvanda durumun həllinə sevinəcəklər.
“Üstəlik, İrəvanda Qarabağdakı status-kvo Azərbaycan muxtariyyətinə de-fakto ekvivalent kimi nəzərdən keçirilir”, – Trend News-a elektron poçtla University of Coimbra-nın əməkdaşı Simao bildirib.
“Beynəlxalq cəmiyyət bu konteksti də nəzərə almalı və bütün səylərə can atmalı və münaqişənin həlli üzrə razılaşmanın həyata keçirilməsinə yardımçı olmağa hazırlaşmalıdır”, – Simao hesab edir.
Ekspertlərin əksəriyyətinin fikrincə, Türkiyə Ermənistanla diplomatik münasibətləri qurmağa başlayarsa, bu Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması şərtilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki durumu yaxşılaşdıra bilər.
Rusiyalı politoloq Kirill Tanayevin fikrincə, erməni-türk münasibətlərinin yaxşılaşması, Dağlıq Qarabağ münaqişəsinin həllinə ən müsbət formada təsir edə bilər. Belə ki, Qafqaz regionunda inam ölçülərinin genişlənməsi bu münaqişənin həllinə kömək edir.
“Türkiyə daha fəal rol oynamağa çalışır və bu o deməkdir ki, bu ölkə arbitr olmasa da, ən azından vasitəçi kimi çıxış etmək imkanına malik olmaq istəyir”, – Trend News-a Rasional siyasət fondunun Baş direktoru Tanayev bildirib.
“Türkiyənin Ermənistanla diplomatik əlaqələrə malik olması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı duruma yalnız yaxşı tərəfdən təsir edər”, – eynilə erməni əsilli Avropalı ekspert Nikolas Tavityan hesab edir.
“Hazırda Türkiyənin bu münaqişənin həlli prosesinə təsir rıçaqları yoxdur, amma Ermənistanla münasibətlər yaxşılaşarsa, bu təsir yarana bilər”, – Trend News-a telefonla, Ermənistanı tədqiqat üzrə (Brüssel) «Inside Europe» mərkəzinin direktoru Tavityan deyib.
“Hazırda, Ermənistanla faktiki münasibətləri əmələ gələn Türkiyənin bu ölkəyə daha çox təsir rıçaqları yaranır. Çünki diplomatik və iqtisadi münasibətlər mövcud olduqda, tərəfdaşlar bir-biri ilə dialoqda maraqlıdırlar”, – Tavityan hesab edir.
Amma azərbaycanlı politoloq məsələnin belə qoyulması ilə razı deyil.
“Ermənistanın mövqeyi onun ölkələrlə münasibətinə əsaslanmır. Çünki çoxları bu münaqişənin həllində maraqlıdırlar və bununla yanaşı onların Ermənistanla yaxşı münasibətləri var”, – Mollazadə qeyd edib./Trend/