Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
AVCIYA 24 gün ərzində müşahidəçilərə 36 seminar keçirib
“Həzrəti Yusif” filmi, SÖZ-ün qüdrəti

Mayın 2-də Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda regionda və ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri ilə bağlı partiyanın mövqeyinin müəyyənləşdirilməsi, o cümlədən cari məsələlər müzakirə edilib. Partiyanın başqanı İsa Qəmbər çıxışında dünyadakı maliyyə böhranı, Rusiya-Gürcüstan münasibətləri, Türkiyə-Ermənistan sərhədlərinin açılması, adıçəkilən ölkələr arasında diplomatik əlaqələrin qurulması, bu məsələdə Azərbaycanın atmalı olduğu addımlar barədə danışıb. İ. Qəmbər deyib ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması haqda informasiyalar Azərbaycan cəmiyyətində şok effekti yaradıb. Partiya başqanının fikrincə, yaranan problemlə bağlı Türkiyə və Azərbaycan rəsmiləri arasında açıq danışıqlar aparılmalıdır.
İ. Qəmbər partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı öz mövqeyini də açıqlayıb: “Müsavat Partiyası bu il keçiriləcək bələdiyyə seçkisində ciddi şəkildə iştirak etməlidir. Bu seçkinin ölkədə ciddi ictimai-siyasi prosesə çevrilməsini bacarmalıyıq”.
İ. Qəmbər deyib ki, Müsavat Partiyasının bələdiyyə seçkisində vahid siyahı ilə iştirakının tərəfdarıdır: “Belə olan təqdirdə bölgələrdə partiyanın namizədlərinin təbliğatı ilə məşğul olmaq mümkün olacaq. Seçkiyə blok şəkilində getməyimiz və bu prosesdə vətəndaş cəmiyyətinin cəlb olunması isə müzakirə olunmalıdır”.
Sonra yığıncaqda bu istiqamətdə müzakirələr aparılıb. Müzakirələrin sonunda Müsavat Partiyasının bu ilin sonunda keçiriləcək bələdiyyə seçkisində iştirakı barədə qərar qəbul olunub./APA/