NƏSİBOV Kamil Baladə oğlu

ƏSGƏROVA Gültəkin Məlik qızı
KƏRİMOV Elgiz Kərim oğlu
POLOVİNKO Ruslan Aleksandroviç

NƏSİBOV Kamil Baladə oğlu (8.10.1946, Laçın  r-nunun Bozlu k. – 29.6.1992, Laçın r-nunun, Suarası k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).

Orta məktəbi Minkənddə bitirdikdən sonra 1963-1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) inşaat fakültəsində ali təhsil almış, sonra Bozlu kəndində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilmişdir.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdən ibarət özünümüdafıə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafıəsində böyük rəşadət göstərmişdir.

Laçın rayonunun Suarası kəndi yaxınlığında 1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərin birində Kamil Nəsibov snayper gülləsindən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də, cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur. Ağcabədi şəhərində dəfn edilmişdir. Ailəli idi. Dörd övladı yadigar qalmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Baladə oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Bozlu kənd mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibovun adını daşıyır.

Əd.: “Laçın şəhidləri”, Bakı, “Bəxtiyar-4”, 2013, s.10