Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin “Nokta” şirkəti ilə birgə Türkiyə-Suriya sərhəd zolağında 160 min kvadratmetrlik sahədə minatəmizləmə əməliyyatını başa çatdırıb. Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.
Qaziantep vilayətinin Karkamış antik şəhərinin qalıqları yaxınlığında aparılmış əməliyyatların yekunu olaraq, ərazinin təmiz olması barədə yerli hakimiyyət orqanlarına ANAMA tərəfindən sertifikat verilib. A. Aslanovun sözlərinə görə, əməliyyatlarda ANAMA-nın 1-i supervayzer olmaqla 10 heyəti və 1 ədəd «Bozena-4» tipli mexaniki minatəmizləmə maşını iştirak edib. Əməliyyatlar zamanı ərazidən 72 ədəd piyada və tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, minalardan təmizlənmiş ərazidə gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur. /APA/