Əbülfəs Qarayev Bakıda səfərdə olan Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai görüşüb
Xəbərlər » Ölkədə / (15-11-2011, 14:38)

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai arasında görüş keçirilib. APA-nın məlumatına görə, Əbülfəs Qarayev Azərbaycan hökuməti və turizm ictimaiyyəti adından qonağı salamlayıb və ölkəmizə səfər etdiyinə görə ona təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bu gün səhər saatlarında Bakıya gələn Taleb Rifaini ilk olaraq prezident İlham Əliyev qəbul edib və görüşdə Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında geniş əməkdaşlığın perspektivləri müzakirə olunub. Ə. Qarayev Taleb Rifainin Bakıda keçirəcəyi görüşlərdən sonra əməkdaşlığın daha da sıx olacağına ümid bəslədiyini deyib. Taleb Rifai də öz növbəsində Azərbaycana səfər etməkdə şad olduğunu söyləyib. O bildirib ki, Azərbaycan 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir.
Baş katib ölkə başçısı İlham Əliyevlə olan görüşü barədə də danışıb: “Cənab prezidentə Azərbaycanın milli və beynəlxalq turizminin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürümü bildirdim. Son bir neçə ildə Azərbaycan turizm dünyasında çox böyük bir yer tutmağa başlayıb. Bu, elə bir nailiyyətlərdir ki, biz beynəlxalq turizm təşkilatı olaraq Azərbaycana daimi kömək və dəstək göstərməyə hazırıq. 2011-ci ilin ilk 6 ayında olan nailiyyətlər də çox gözəldir. Azərbaycanda turizm sahəsində artım demək olar ki, 15 faizə çatıb. Dünyanın bir çox ölkələrində turizm sahəsində böhran yaşansa da, burada o baxımdan nəticələr yaxşıdır. Ümidvarıq ki, 2012-ci ildə də bu nailiyyət və artım davam edəcək. Çünki bildiyimiz kimi, Azərbaycan 2012-ci ildə bir neçə mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Onların sırasında ilk öncə “Eurovision-2012” mahnı müsabiqəsi gəlir. Bundan başqa beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi gözlənilir. Cənab prezidenti əmin etdim ki, Beynəlxalq Turizm Təşkilatı Azərbaycanın bu nailiyyətlərinə hər bir dəstəyi göstərəcək”.
Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı