Noyabrın 25-də Şotlandiyanın Edinburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçiriləcək. Milli Məclisin (MM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov və Sahibə Qafarova daxildir.
İclasda Bolqarıstanda, Qırğızıstanda prezident seçkilərinin, Tunisdə parlament seçkilərinin nəticələri, əsas insan hüquq və azadlıqlarının vəziyyəti, kölgə iqtisadiyyatının demokratiya və qanunun aliliyinə yaratdığı təhlükə, silahlı münaqişələrin ətraf mühitə təsiri, qadınlara qarşı psixoloji və məişət zorakılığı, dini xarakterli ayrı-seçkilik formaları ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə Rafael Hüseynovun və Sahibə Qafarovanın məruzələri dinləniləcək, məruzələr ətrafında müzakirələr aparılacaq. /APA/