“Bu bəyanat 2012-ci ildə işlərin hansı istiqamətdə aparılacağını, Minsk Qrupu həmsədrlərinin və münaqişənin həllində iştirak edən təşkilatların sənədlərinə istinad olunmaqla, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini, tutulmuş kursu göstərir. Fikrimcə, bu bəyanat danışıqlar prosesi irəli aparan mərhələdir, özlüyündə münaqişənin həllində dönüş nöqtəsi deyil”. APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatına münasibət bildirərkən deyib.
Ermənistan və Azərbaycanda keçiriləcək seçkilərin Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə təsir edəcəyi barədə beynəlxalq ekspertlərin mülahizələrinə münasibət bildirən B. Muradova bunları deyib: “Əvvəlki seçkilər də göstərir ki, seçkilər münaqişənin həllində durğunluq yaradır. Həmsədrlər problemi seçkilərə qədər həll etməyə çalışmalıdırlar. Azərbaycan tərəfdən hər hansı problem yoxdur. Ermənistan tərəfi isə danışıqları yubadır”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın atəşkəslə bağlı monitorinqlərin keçirilməsinə mane olması barədə fikirləri barədə danışan MM sədrinin müavini “Nalbandyan indiyə kimi dəfələrlə təzadlı fikirlər səsləndirib, onun fikirlərinə münasibət bildirmək düzgün deyil”, - deyə bildirib. /APA/