Hüseyn Bağırov: “Xəzəryanı ölkələrin hər birində qanunsuz balıq ovu var”
Xəbərlər » Ölkədə / (12-12-2011, 12:31)

“Azərbaycanda quş ovuna icazə verilməsi məsələsi hökumət komissiyasının səlahiyyətindədir”. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “quş qripi” ilə əlaqədar tətbiq olunmuş qadağanın götürülüb-götürülməyəcəyinə münasibət bildirərkən deyib. Nazir bildirib ki, Xəzər dənizində balıq ovu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil: “Beş ölkə Xəzər dənizində yarışa girib. Bu ölkələrin hər birində qanunsuz ovlanma var. Eyni zamanda dənizin imkanları tükənir. Xəzər dənizinə qayğı ilə yanaşmaq bəlkə də gecdir, amma artıq vaxtdır”. H. Bağırov qeyd edib ki, hazırda Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı layihə üzərində iş gedir.
Nazir Azərbaycanda meşələrin qırılmasının tədricən azaldığını da bildirib: “Regionlar qazlaşdırıldıqca meşələrin qırılması da azalır. Lakin problemlər var. Çalışırıq ki, maksimum şəkildə meşələri mühafizə edək. Çəpərləmə aparaq ki, mal-qara otarılmasın və meşələr tez bərpa olsun. Hazırda tendensiya aradan qalxıb, qırılan meşələrdən çox yeni salınan meşələr var. Mən istərdim ki, ağacdan odun kimi istifadə etməsinlər. Bu çox keyfiyyət xammaldır”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı