Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya əlavə plan yerlərinin ayrılması üçün Nazirlər Kabinetinə müraciət eləməyə hazırlaşır. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A. Həşimov deyib ki, AMEA Nazirlər Kabinetindən fəlsəfə doktoru proqramı üzrə təxminən 60-a yaxın əlavə plan yeri istəyəcək: “Artıq bununla bağlı məktub hazırlanıb, yaxın günlərdə göndəriləcək. Hələlik hansı istiqamətlər üzrə plan yerlərinin istəniləcəyi müəyyənləşməyib”.
A. Həşimov bildirib ki, əlavə plan yerləri bu il doktoranturaya keçirilən qəbul imtahanlarında yüksək nəticə toplayan namizədlərin çox olması səbəbindən istəniləcək: “Bu il doktoranturaya qəbul ilk dəfə keçirilib. Düzü, biz özümüz də bu qədər yüksək nəticə gözləmirdik. Doktoranturaya qəbulun keçirilməsində iki il fasilə yaranıb. Ona görə də yüksək nəticə toplayan namizədləri kənarda saxlamaq düzgün deyil”.
I vitse-prezident onu da qeyd edib ki, doktoranturaya qəbul imtahanlarının yekun nəticələrinin gələn həftə açıqlanması nəzərdə tutulur. /APA/