Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində Xəzəryanı bölgə dövlətlərinin turizmin inkişafında əməkdaşlıq məsələləri ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov rəhbərlik edib. Təbirdə həmçinin Rusiya, Qazaxıstan, Türkmənistan və İran nümayəndə heyətləri də iştirak edib.
Konfransın rəsmi açılış mərasimi zamanı Xəzəryanı ölkələrin turizm potensialını əks etdirən sərgi keçirilib. Həştərxan vilayətinin hökuməti ilə Rusiyanın Turizm üzrə Federal Agentliyi arasında, həmçinin İnquşetiya Respublikasının hökuməti ilə Rusiyanın Turizm üzrə Federal Agentliyi arasında turizm sahəsində sazişlərin imzalanma mərasimi keçirilib.
Konfransın gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan əsas məqamlar Xəzəryanı dövlətlərin turizmin inkişafında göstərilən səylərinin əlaqələndirilməsi, Xəzər dənizinin mövcud potensialından turizm məqsədləri üçün daha səmərəli istifadə etmək imkanlarının öyrənilməsi, müştərək turist məhsul və regional mədəni turizm marşrutlarının işlənib hazırlanması, turizm sahəsində kadrların hazırlanması, regional turizm brendinin yaradılması, turizm məhsullarının beynəlxalq səviyyəyə çıxarılması üzrə əməkdaşlıq və s. məsələlər müzakirə olunub. Nazir müavini N.Səmədov «Azərbaycanın turizm potensialı və Xəzər dənizi regionundakı ölkələr arasında alternativ turizmin inkişafı», Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev «Xəzər dənizi regionundakı ölkələr arasında əməkdaşlıqda turizm informasiya mərkəzlərinin rolu», Nazirliyin turizm şöbəsinin müdir müavini, daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov «Xəzər dənizi regionunda tarixi-mədəni irsin qorunması» mövzularında çıxışlar ediblər. Həmçinin, tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən reklam filmi nümayiş etdirilib.
Qeyd edək ki, konfrans çərçivəsində N.Səmədov Rusiya Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova və idman və turizm naziri Oleq Dementyevlə əməkdaşlıq perspektivləri ilə bağlı görüşlər keçirib. Müzakirəyə çıxarılan mövzular arasında Xəzər dənizində kruizin fəaliyyətə başlaması, Xəzəryanı ölkələrin turizm üzrə brendinin yaradılması, regional mədəni turizm marşrutlarının təklif edilməsi və hər bir ölkədə keçirilən Novruz bayramının vahid turizm məhsulu kimi təşviq olunması xüsusi qeyd edilib./APA/