Misir Mərdanov: “Gürcüstandakı Azərbaycandilli məktəblərə 20 minə qədər dərslik göndəriləcək”
Xəbərlər » Ölkədə / (21-12-2011, 14:24)

“Gürcüstanda yaşayan soydaşlarımızın təhsil aldığı Azərbaycandilli məktəblər Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə təmin olunacaq. Gürcüstan tərəfi isə Azərbaycandakı gürcüdilli məktəbləri “Gürcü dili və ədəbiyyatı” dərslikləri ilə pulsuz təmin edəcək”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, Azərbaycan və Gürcüstan təhsil nazirlikləri arasında dərsliklərə dair razılaşma əldə olunub: “Razılaşma əsasında biz 20 minə qədər dərslik hazırlamışıq. Dərslikləri bir neçə gündən sonra Gürcüstana göndərəcəyik. Dərsliklər barədə razılaşma 5 il qüvvədə qalacaq”.
M. Mərdanov göndərilən dərsliklərə sərhəddə heç bir maneə yaradılmayacağını söyləyib. Nazir Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə çalışan müəllimlərin ixtisasının artırılmasına da münasibət bildirib: “İşləyən müəllimlərin ixtisaslarının artırılması məsələsi çox vacibdir. Bu məsələləri biz nazirliklərarası sənədlərlə tənzimləyəcəyik”.
Qeyd edək ki, dərsliklər Gürcüstanın 12 şəhər və rayonunda azərbaycanlıların təhsil aldıqları məktəblərə göndəriləcək. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı