Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımların (ÜSY) əhaliyə çatdırılmasında ləngimələrlə bağlı yerlərdə araşdırmalar aparacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu gün nazirlikdə bir qrup vətəndaşla keçirdiyi görüşdə bildirib. Nazir İmişli rayonundan olan şikayətçinin iki aydır ÜSY-ni ala bilməməsi ilə bağlı müraciətinə cavab olaraq deyib ki, əgər bu yardımlar təyin olunubsa, əhali hər ay vaxtlı-vaxtında bu yardımları almalıdır. O, nazirliyin müvafiq qurum rəhbərlərinə bununla bağlı tapşırıq verib.
“Belə ləngimələr əhalidə təəssürat yaradır ki, yardımları mənimsənilir. Buna səbəb maliyyələşdirmənin vaxtlı-vaxtında həyata keçirilməməsidir. Biz rayonlarda ilin yekunları ilə bağlı araşdırma aparacağıq. Bu məsələnin tam qabarıq şəkildə özünü göstərdiyi rayonlarda Sosial Müdafiə mərkəzlərinin rəhbərləri çox ciddi şəkildə cəzalandırılacaq” - deyə nazir qeyd edib. /APA/